Bakıda Dördüncü İqlim Həftəsinin ilk günü başa çatıb (FOTO)

Gündəm Xəbər 7 Sentyabr 2026 09:49 (UTC +04:00)
Bakıda Dördüncü İqlim Həftəsinin ilk günü başa çatıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin(CW4) ilk günü başa çatıb.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, tədbir çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı mövzularda panel sessiyaları və dəyirmi masalar təşkil olunub.

COP29-un prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev açılış mərasimində çıxışı zamanı Xəzər dənizinin səviyyəsinin enməsinə diqqət çəkərək bildirib ki, bu, bölgəmiz üçün hər keçən il daha narahatlıq doğuran hal alır.

O qeyd edib ki, Azərbaycan bu çağırışı regional və beynəlxalq gündəlikdə daha yuxarı pillələrə qaldırmaq və Xəzəryanı dövlətlər arasında dialoqu möhkəmləndirmək istiqamətində çalışıb.

"Vəzifəmiz ortaq suların gərginlik mənbəyinə çevrilməməsini, əksinə əhalinin sabitliyi və ortaq rifahın hərəkətverici qüvvəsi olmasını təmin etmək olmalıdır. Azərbaycan üçün iqlim dəyişikliyi gündəliyi ən yüksək siyasi diqqəti alıb.
İqlim dəyişikliyinin həssas ölkələr, xüsusən də kiçik ada dövlətləri və az inkişaf etmiş ölkələr üçün riskləri çox yüksəkdir. Məhz buna görə buradayıq və bu həftə birgə nəticələr əldə etmək istəyirik.

Enerji bu həftə qarşımızda duran əsas məsələlərdən biridir. COP31 Rəyasət Heyətinin icraya, o cümlədən enerji keçidinin mühüm hərəkətverici qüvvəsi kimi elektrifikasiyaya diqqət yetirməsini alqışlayırıq. Lakin keçid həm də iqtisadiyyat, iş yerləri və insanlarla bağlıdır. Ədalətli, nizamlı və bərabərhüquqlu olmalı, milli şəraitləri əks etdirməli, maliyyə və texnologiya ilə dəstəklənməlidir.

Bakı İqlim Fəaliyyəti Həftəsi boyunca biz maliyyə, enerji və adaptasiyadan tutmuş biznes, innovasiya, davamlılıq və ədalətli keçidə qədər həlledici suallarla üz-üzə gələcəyik”,- deyə M.Babayev əlavə edib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxışında qeyd edib ki, bu ilin sonuna qədər külək enerjisi istehsalının təxminən 6 dəfə, günəş enerjisi istehsalının isə 26 faizdən çox artması nəzərdə tutulur.

Nazir bildirib ki, son enerji böhranları, eləcə də elektrikləşmə, rəqəmsallaşma, süni intellekt və məlumat mərkəzlərinin yaratdığı artan enerji tələbatı göstərib ki, qalıq yanacaqlardan tələsik imtina uğurlu enerji keçidi demək deyil.

“Əsas məsələ bütün ekoloji problemlərin həllinə imkan verən təmiz, təhlükəsiz və dayanıqlı enerji sisteminin optimal templə qurulmasıdır. Bu yeni reallıqda yeni generasiya güclərinin yaradılması ilə yanaşı, elektrik şəbəkələrinin inkişafı, enerji saxlanc sistemləri, enerji səmərəliliyi və enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi də eyni dərəcədə vacibdir”, - deyə P.Şahbazov vurğulayıb.

Onun sözlərinə görə, 2032-ci ildən Azərbaycan iki yaşıl enerji dəhlizinin istismarına başlayacaq.

Nazir bildirib ki, digər bir strateji prioritet isə regional və regionlararası əlaqəlilik vasitəsilə yaşıl enerjini beynəlxalq bazarlara çıxarmaqdır.

P.Şahbazov vurğulayıb ki, ümumi gücü 3 900 МVt olan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə texniki-iqtisadi əsaslandırma artıq bu layihələri real müstəviyə keçirib:

"2032-ci ildən etibarən həm bu dəhlizin birinci mərhələsinin, həm də Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin istismara verilməsi gözlənilir.

Eyni zamanda, Gürcüstan, Zəngəzur dəhlizi və Azərbaycanın Naxçıvan bölgəsi vasitəsilə Türkiyə və Avropa istiqamətində yeni yaşıl enerji dəhlizlərinin inkişafı üçün də konkret tədbirlər görülür. İnkişaf etdirilən şaxələndirilmiş enerji əlaqələri sayəsində Azərbaycanın hüdudlarından kənarda — daha geniş coğrafiyada regionlararası enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və emissiyaların azaldılmasına töhfə veriləcək".

Qeyd edək ki, tədbirdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak edib.

Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti