Türkiyədə yeni tikilən binaların enerji istehlakı 30-35 faiz azaldılıb - Hüseyn Namık Sandıkçı

İqtisadiyyat Materials 7 Sentyabr 2026 14:10 (UTC +04:00)
Türkiyədə yeni tikilən binaların enerji istehlakı 30-35 faiz azaldılıb - Hüseyn Namık Sandıkçı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə son illərdə həyata keçirilən tədbirlər nəticəsində yeni tikilən bütün binaların enerji istehlakında 30-35 faiz civarında azalma hesablanıb.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Enerji səmərəliliyi departamentinin müdiri Hüseyn Namık Sandıkçı Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması” adlı dəyirmi masada deyib.

O bildirib ki, Türkiyədə uzun illərdir bina sektorunun transformasiyası və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində intensiv iş aparılır.

“2010-cu ildən etibarən Enerji Şəxsiyyət Vəsiqəsi sistemini milli siyasətimizin əsas elementlərindən biri kimi tətbiq edirik. Son 2-3 ildə demək olar ki, sıfır enerjili binalara dair tələblərin təkmilləşdirilməsi, istilik izolyasiyası ilə bağlı qanunvericiliyin yenilənməsi, binaların minimum enerji performansı tələblərinin yaxşılaşdırılması və ölkənin iqlim məlumatlarının yenidən nəzərdən keçirilməsi istiqamətində işlər görülüb. Son iki ildə gördüyümüz bu işlər nəticəsində yeni tikilən bütün binaların enerji istehlakında 30-35 faiz civarında azalma hesablanıb”, – deyə o qeyd edib.

Hüseyn Namık Sandıkçı vurğulayıb ki, binalar qlobal iqlim hədəfləri baxımından enerji istehlakı və emissiyaların mühüm mənbələrindən biri olmaqla yanaşı, problemin həllinin də əsas hissəsidir.

Nazirlik rəsmisinin sözlərinə görə, Türkiyədə “Yaşıldıran” sertifikatlaşdırma sistemi də tətbiq edilib. Antalyada keçiriləcək COP31 çərçivəsində “YesInt” adlandırılan beynəlxalq “Yaşıldıran” müsabiqəsinin təşkili nəzərdə tutulur. Müsabiqə vasitəsilə innovativ ideyaların ön plana çıxarılması, dünyada qabaqcıl və yaşıl bina təcrübələrinin mükafatlandırılması hədəflənir.

O bildirib ki, hazırda prioritet istiqamətlərdən biri həyat dövrü təhlilinin müvafiq siyasətlərə inteqrasiyası və mövcud bina fondunun enerji baxımından səmərəli şəkildə yenilənməsidir.

Sandıkçı əlavə edib ki, bina sektorunda enerji transformasiyasının həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın imkanlarından maksimum istifadə olunmalıdır. Bunun üçün əlçatan və uzunmüddətli iqlim maliyyələşdirilməsinə, ölkələr arasında güclü tərəfdaşlığa, məlumat mübadiləsinə və bütün tərəflərin ortaq iradəsinə ehtiyac var.

O, həmçinin Azərbaycanla binalarda enerji səmərəliliyi sahəsində başlayan və davam edən əməkdaşlığın Oman, Qırğızıstan və Somali kimi ölkələrlə də inkişaf etdiriləcəyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti