Metan emissiyalarını sıfıra yaxın səviyyədə saxlamaq "Xalis Sıfır" strategiyası üçün vacibdir - bp

Yaşıl iqtisadiyyat Materials 7 Sentyabr 2026 14:40 (UTC +04:00)
Metan emissiyalarını sıfıra yaxın səviyyədə saxlamaq "Xalis Sıfır" strategiyası üçün vacibdir - bp
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Metan emissiyalarını və intensivliyini sıfıra yaxın səviyyədə saxlamaq 2050-ci ilə qədər olan "Xalis Sıfır" strategiyamıza çatmaq üçün çox vacibdir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə bp şirkətinin SƏTƏM və Uyğunluq üzrə regional meneceri Anar Mansurov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində keçirilən panel müzakirəsi zamanı çıxışında deyib.

O qeyd edib ki, sıfıra yaxın dedikdə, həddin təxminən 0.4% ətrafında olmasını nəzərdə tuturuq. Bu, sıfıra yaxın göstərici sayılır.

“2025-ci ildə biz 0.02% göstəricisinə nail olmuşuq ki, bu da həmin həddən xeyli aşağıdır. Yəni metan emissiyalarının intensivliyi baxımından artıq sıfıra yaxın göstərici həddindəyik.

Neft-qaz sektoru ümumi sənaye metan emissiyalarının təxminən 35%-ni təşkil edir və biz bu məsələni həll etməliyik. Beləliklə, mühəndislik hesablamalarından metan ölçmələrinin çoxsəviyyəli sisteminə keçdik.

Bu sistem bütün mənbələrin real vaxta yaxın rejimdə monitorinqindən başalayır, sonra obyekt səviyyəsində real vaxt monitorinqi və topladığımız məlumatların uzlaşdırılması ilə davam edir”,- deyə o əlavə edib.

Qeyd edək ki, 11 sentyabradək Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.

İqlim gündəliyində mühüm beynəlxalq platformaya çevrilən Bakı bu tədbirlər çərçivəsində iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və COP31 ərəfəsində qlobal iqlim fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı müzakirələrə ev sahibliyi edir.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.

Bakı İqlim Həftəsi iqlim dəyişmələri ilə mübarizə, enerji keçidi, bərpaolunan enerji, davamlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi məsələləri ətrafında müzakirələr üçün beynəlxalq platforma kimi nəzərdə tutulub.

Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti