Elektrikləşdirmə növbəti onillikdə qlobal enerji keçidinin əsas istiqamətlərindən biri olmalıdır - La Kamera

Yaşıl iqtisadiyyat Materials 7 Sentyabr 2026 12:18 (UTC +04:00)
Elektrikləşdirmə növbəti onillikdə qlobal enerji keçidinin əsas istiqamətlərindən biri olmalıdır - La Kamera
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Elektrikləşdirmə növbəti onillikdə qlobal enerji keçidinin əsas istiqamətlərindən biri olmalıdır.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Françesko La Kamera Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) çərçivəsində "Enerji geosiyasəti yenidən formalaşır: hər bir ölkə enerji gücünə çevrilə bilər" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, son geosiyasi hadisələr iqtisadiyyatların qalıq yanacağın qiymət dəyişkənliyinə və tədarükdə fasilələrə nə qədər həssas olduğunu bir daha göstərib.

“Enerji təhlükəsizliyi, nəticə etibarilə, nəzarətimizdən kənarda baş verə biləcək fasilələrdən asılılığımızı azaltmaq deməkdir. Buna görə də elektrikləşdirmə birbaşa və praktiki həll yolu təklif edir. Nəqliyyat, binalar və sənaye kimi əsas sektorları bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisi ilə elektrikləşdirməklə ölkələr idxal olunan yanacaqlardan asılılığını azalda, enerji səmərəliliyini artıra, enerji xərclərini aşağı sala və sabitləşdirə, enerji sistemlərinin dayanıqlığını gücləndirə bilərlər”, - deyə F.La Kamera bildirib.

O qeyd edib ki, IRENA növbəti onilliyin elektrikləşdirmə onilliyi olmalı olduğuna inanır.

“Bu, daha təmiz, daha təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidi sürətləndirməlidir”, - deyə IRENA-nın baş direktoru vurğulayıb.

F.La Kamera bildirib ki, IRENA Braziliyanın COP30 sədrliyinin müraciəti əsasında “Qalıq yanacaqlardan uzaqlaşma: Bərpa olunan enerji, elektrikləşdirmə və şəbəkələrin gücləndirilməsinə əsaslanan yol xəritəsi” adlı hesabat hazırlayıb.

Onun sözlərinə görə, hesabat qalıq yanacaqlardan uzaqlaşmaq üçün üç əsas istiqamətə – bərpa olunan enerji hesabına elektrik enerjisi istehsalının artırılmasına, son istifadə sektorlarının elektrikləşdirilməsinə və enerji şəbəkələrinin gücləndirilməsinə əsaslanır.

“Keçid enerji planlaşdırılmasına kompleks yanaşma tələb edir. Bərpa olunan enerji, dayanıqlı yanacaqlar, hidrogen, enerji səmərəliliyi, infrastruktur və təchizat zəncirləri paralel şəkildə inkişaf etməlidir. Bunlar ədalətli və inklüziv keçidi təmin edən bazar mexanizmləri, tənzimləyici islahatlar və müvafiq siyasətlərlə dəstəklənməlidir”, - deyə o bildirib.

IRENA rəhbəri qeyd edib ki, 1,5 dərəcə Selsi hədəfinə uyğun trayektoriyada qalmaq üçün elektrikləşdirmənin ümumi son enerji istehlakında payı 2035-ci ilə qədər 35 faizə, 2050-ci ilə qədər isə 50 faizdən yuxarı səviyyəyə çatmalıdır.

“Bu, COP28-də müəyyənləşdirilmiş bərpa olunan enerji və enerji səmərəliliyi üzrə məqsədlərin konkret son istifadə elektrikləşdirmə hədəfləri, o cümlədən ‘35-ə 35’ hədəfi ilə tamamlanmasını tələb edir. Bu, yeni hədəf deyil, 1,5 dərəcə trayektoriyasına qayıtmaq üçün görülməli olan işlərin praktiki göstəricisidir”, - deyə F.La Kamera vurğulayıb.

O bildirib ki, elektrikləşdirmənin üstünlükləri yalnız iqlim dəyişmələrinin qarşısının alınması ilə məhdudlaşmır.

“Elektrikləşdirmə enerji təhlükəsizliyini gücləndirə, qalıq yanacağın qiymət dəyişkənliyinə məruz qalmanı azalda, yaşıl sənayeləşməni və rəqabət qabiliyyətini dəstəkləyə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi artıma töhfə verə bilər”, - deyə IRENA-nın baş direktoru qeyd edib.

F.La Kameranın sözlərinə görə, elektrikləşdirmə təkbaşına inkişaf edə bilməz və bərpa olunan enerji mənbələri, elektrik şəbəkələri, enerji saxlanc sistemləri, çeviklik imkanları və dayanıqlı yanacaqlar eyni vaxtda genişləndirilməlidir.

“2035-ci ilə qədər elektrik şəbəkələrinə illik orta hesabla 1,2 trilyon ABŞ dollarından çox investisiya tələb olunacaq. Bu, hazırkı illik investisiya səviyyəsindən iki dəfədən çoxdur”, - deyə o bildirib.

F.La Kamera əlavə edib ki, binalarda elektrikləşdirmənin payı hazırkı 36 faizdən 2035-ci ildə 57 faizə, 2050-ci ildə isə 77 faizə yüksəlməlidir. Sənayedə bu göstəricinin 27 faizdən 2035-ci ildə 34 faizə, 2050-ci ildə 40 faizə çatdırılması nəzərdə tutulur.

Nəqliyyat sektorunda isə elektrikləşdirmənin daha sürətli artacağı gözlənilir.

“Nəqliyyatda elektrikləşdirmə hazırkı təxminən 1 faizdən 2035-ci ilə qədər 50 faizə yüksələcək. Bu, neftə olan tələbatı əsaslı şəkildə dəyişdirəcək”, - deyə F.La Kamera vurğulayıb.

Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçirilir.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti