Bakı. Trend:
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
Bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Françesko La Kamera “Bakı İqlim Həftəsi 2026” çərçivəsində Trend-ə müsahibəsində deyib.
O, müsahibəsində Azərbaycanın bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlıq barədə danışıb.
F.La Kamera bildirib ki, IRENA-da çalışdığı bütün illər ərzində Azərbaycanla səmərəli əməkdaşlıq edilib və bu əməkdaşlıq COP29 çərçivəsində mühüm nəticələr verib.
“Bu əməkdaşlıq COP29-da Enerji Saxlanması üzrə Öhdəlik, Yaşıl Enerji Dəhlizi və digər təşəbbüslər üzrə yaxşı nəticələr əldə etməyimizə imkan verdi. Düşünürəm ki, Mərkəzi Asiyada daha geniş enerji əlaqələndirilməsi və sistemin çevikliyinin artırılması, eləcə də Avropaya çıxış imkanlarının nəzərdən keçirilməsi hökumətlərin fəal şəkildə maraq göstərdiyi sahələrdir. Biz bu istiqamətdə əməkdaşlığımızı davam etdirə və daha da genişləndirə bilərik”, - deyə IRENA rəhbəri qeyd edib.
Azərbaycanın Mərkəzi Asiya və Avropa ilə planlaşdırdığı yaşıl enerji bağlantılarının regionun enerji təhlükəsizliyi üçün əhəmiyyətinə toxunan F.La Kamera bu layihələrin enerji keçidinin sürətləndirilməsi baxımından vacib olduğunu vurğulayıb.
“Bunlar enerji keçidi və onun sürətləndirilməsi üçün vacib planlardır. Elektrik şəbəkələri, çeviklik, qarşılıqlı əlaqələndirmə və sistemdə balanslaşdırmanın təmin edilməsi əsas məsələlərdir. Buna görə də bütün bu təşəbbüsləri alqışlayırıq”, - deyə o bildirib.
Azərbaycanın bərpa olunan enerji layihələrinə daha çox beynəlxalq investisiya cəlb etməsi üçün atmalı olduğu addımlardan danışan IRENA baş direktoru hökumətin sabitliyi və aydın hədəflərin artıq mühüm fərq yaratdığını söyləyib.
“Düşünürəm ki, hökumətin sabitliyi və aydın ambisiyası artıq öz təsirini göstərir. İnvestisiyalar gəlir və bundan sonra daha da çox gələcək. Bu layihələr, eləcə də texniki-iqtisadi əsaslandırma mərhələsini keçən və 2032-ci ildə artıq nəticə verməsi gözlənilən enerji dəhlizi barədə məlumat əldə etmişik. Düşünürəm ki, investisiyalar gəlir və Azərbaycan onları cəlb etmək iqtidarındadır”, - F.La Kamera əlavə edib.
Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.
