Bakı. Trend:
Pakistanın şimal-şərqində iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində azı yeddi nəfər həlak olub, daha 60-a yaxın insan yaralanıb.
Bu barədə "The Nation" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına əsasən, qəza şənbə günü axşam saatlarında Pəncab əyalətinin Rəhimyar Xan rayonunda baş verib. Toya gələn qonaqları daşıyan qoşqulu traktora qarşı istiqamətdə hərəkət edən digər traktor çırpılıb. Dörd nəfər hadisə yerində, daha üç nəfər isə aldıqları xəsarətlərdən sonradan dünyasını dəyişib.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, hadisə yerində polis əməkdaşları və xilasedici xidmətlərin əməkdaşları çalışır. Hüquq-mühafizə orqanlarının ilkin hesabatına əsasən, qəzaya təhlükəli sürücülük səbəb olub. Araşdırma davam edir.