Bakıda APRECA proqramı üçün investor və tərəfdaşların axtarışı üzrə forum keçiriləcək

Yaşıl iqtisadiyyat Materials 7 Sentyabr 2026 12:27 (UTC +04:00)
Bakıda APRECA proqramı üçün investor və tərəfdaşların axtarışı üzrə forum keçiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) iştirakçı dövlətləri üçün investor və tərəfdaşların cəlb edilməsinə yönəlmiş APRECA tədbiri 2027-ci ilin mart ayında Bakıda keçiriləcək.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Françesko La Kamera Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) çərçivəsində keçirilən "Enerji geosiyasəti yenidən formalaşır: hər bir ölkə enerji gücünə çevrilə bilər" adlı tədbirdəbildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən COP29 çərçivəsində start verilən IRENA-nın "Mərkəzi Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı" (APRECA) investisiyaların cəlb edilməsinə, regional qarşılıqlı əlaqələrin inkişafına və davamlı artımın təmin olunmasına töhfə verir.

O, tərəfdaşlığın hazırkı iştirakçıları arasında Azərbaycan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın adını çəkib:

"Bu əməkdaşlığı inkişaf etdirərək, cari ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində IRENA Azərbaycanla birlikdə Mərkəzi Asiya İnvestisiya Forumunu təşkil edib. Bunun davamı olaraq 2027-ci ilin mart ayı üçün yenidən Bakıda iştirakçı ölkələr üçün investor və tərəfdaşların axtarışı üzrə ("matchmaking event") APRECA tədbirinin keçirilməsi planlaşdırılıb".

Françesko La Kamera əlavə edib ki, son geosiyasi hadisələr iqtisadiyyatların qalıq yanacağın qiymət dəyişkənliyinə və tədarükdə fasilələrə nə qədər həssas olduğunu bir daha göstərib.

“Enerji təhlükəsizliyi, nəticə etibarilə, nəzarətimizdən kənarda baş verə biləcək fasilələrdən asılılığımızı azaltmaq deməkdir. Buna görə də elektrikləşdirmə birbaşa və praktiki həll yolu təklif edir. Nəqliyyat, binalar və sənaye kimi əsas sektorları bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisi ilə elektrikləşdirməklə ölkələr idxal olunan yanacaqlardan asılılığını azalda, enerji səmərəliliyini artıra, enerji xərclərini aşağı sala və sabitləşdirə, enerji sistemlərinin dayanıqlığını gücləndirə bilərlər”, - deyə F.La Kamera bildirib.

O qeyd edib ki, IRENA növbəti onilliyin elektrikləşdirmə onilliyi olmalı olduğuna inanır.

“Bu, daha təmiz, daha təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidi sürətləndirməlidir”, - deyə IRENA-nın baş direktoru vurğulayıb.

Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçirilir.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti