Metan emissiyalarının azaldılması üzrə proqram son dərəcə uğurlu olub - SOCAR vitse-prezidenti

Yaşıl iqtisadiyyat Materials 7 Sentyabr 2026 14:21 (UTC +04:00)
Metan emissiyalarının azaldılması üzrə proqram son dərəcə uğurlu olub - SOCAR vitse-prezidenti
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Metan emissiyalarının azaldılması üzrə proqram son dərəcə uğurlu olub.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, metan emissiyalarının azaldılması karbon qazının (CO₂) atmosferdən çıxarılması ilə müqayisədə daha asan həyata keçirilə bilər.

“Metan emissiyalarını aşkar etmək, onları aradan qaldırmaq və bu istiqamətdə maliyyələşmə əldə etmək daha asandır. Çünki söhbət faktiki olaraq təbii qazdan gedir. Siz onu götürüb yenidən sistemə qaytara və hətta sata bilərsiniz. Bu proses əməliyyat səmərəliliyinin artırılması ilə də paralel həyata keçirilə bilər”, – deyə Ə.İsayev vurğulayıb.

SOCAR-ın metan emissiyalarının azaldılması üzrə proqram üzərində işə 2023-cü ilin sonlarından başlayaraq "Boston Consulting Group" (BCG) ilə əməkdaşlıq çərçivəsində başladığını qeyd edən vitse-prezident bu əməkdaşlığın mühüm nəticələr verdiyini bildirib.

“Şəxsən mən başlanğıcda buna çox şübhə ilə yanaşırdım. Lakin başa düşdük ki, zaman perspektivindən asılı olaraq, azaldılan bir ton metan 30-80 tondan çox CO₂ ekvivalentinə bərabər ola bilər”, – deyə o qeyd edib.

Ə.İsayevin sözlərinə görə, BCG-nin dəstəyi ilə SOCAR komandası metan emissiyalarının azaldılması üzrə proqram hazırlayıb.

O bildirib ki, SOCAR 2023-cü ildə Neft və Qazın Karbonsuzlaşdırılması Xartiyasına (OGDC) qoşulub və daha sonra GHGSat şirkəti ilə əməkdaşlığa başlayıb.

“Biz böyük həcmdə metan emissiyalarının yayıldığı sahələri müəyyən etdik. Bunu deməkdən çəkinmirik, çünki bu, proqramın bir hissəsi idi. Biz həmin emissiyaların hamısını aradan qaldıra bildik”, – deyə SOCAR rəsmisi əlavə edib.

Onun sözlərinə görə, SOCAR daha sonra “Total” şirkəti ilə əməkdaşlığa başlayıb və şirkətin AOT texnologiyasından istifadə edib.

“Bu proqram son dərəcə uğurlu olub. Məsləhətçilərə ödədiyimiz vəsaiti əslində qazı aşkar etməklə, onu yenidən sistemə qaytarmaqla və satmaqla geri qazandıq. Buna görə də proqram olduqca uğurlu nəticə verib”, – deyə Ə.İsayev bildirib.

Vitse-prezident qeyd edib ki, həyata keçirilən proqram nəticəsində SOCAR Neft və Qaz Metan Tərəfdaşlığına (OGMP) 2.0 üzv olub.

“BCG X ilə birlikdə Metan AI alətini hazırladıq. Bu alət hazırda bizə metan emissiyalarını aşkarlamağa və monitorinqi davam etdirməyə kömək edir. Biz bu proqramı, monitorinqi və emissiyaların azaldılması istiqamətində işləri davam etdiririk və bunu gələcəkdə də edəcəyik”, – deyə o vurğulayıb.

Ə.İsayev şirkətlərə metan emissiyalarının azaldılması proqramlarına başlamağı tövsiyə edib.

“Bu istiqamətdə işə başlamağı düşünənlər üçün çox vacib bir məqam var: rəhbərinizi və ya rəhbərliyi, eləcə də idarə heyətinin üzvlərini bunun üçün büdcə ayırmağa inandırmaq daha asandır. Çünki siz onlara əməliyyatlarını optimallaşdırmağa və daha çox pul qazanmağa kömək edirsiniz. Məhz buna görə bu məsələ vacibdir”, – deyə SOCAR vitse-prezidenti bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti