Bakı. Trend:
Azərbaycanda bərpa olunan enerji layihələrinin genişləndirilməsi elektrik şəbəkəsinə əlavə yük yaradacaq və bu yükün azaldılması üçün yeni texnoloji həllərə və tərəfdaşlıqlara ehtiyac var.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “SOCAR Green” şirkətinin baş direktoru Elmir Musayev Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) çərçivəsində keçirilən müzakirədə deyib.
Onun sözlərinə görə, “SOCAR Green”in Azərbaycandakı ilk layihələri Dünya Bankı Qrupuna daxil olmayan, lakin beynəlxalq inkişaf maliyyə institutları olan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankının (ADB) iştirakı ilə həyata keçirilib.
“Bu, Azərbaycanda layihələrin ilk dalğası idi və çoxlu qeyri-müəyyənliklər var idi. Lakin bu baxımdan həmin layihələr bizim üçün çox dəyərli təcrübə və nou-hau oldu, çünki kifayət qədər çətin idi”, - deyə E.Musayev bildirib.
Baş direktor “SOCAR Green”in fəal investor olduğu Cəbrayıl Günəş Elektrik Stansiyası – Şəfəq layihəsini də xüsusi qeyd edib. Onun sözlərinə görə, “Lightsource bp” tərəfindən, bp-nin tam mülkiyyətində olan törəmə şirkət kimi inkişaf etdirilən layihənin əsas xüsusiyyətlərindən biri virtual elektrik enerjisi alışı müqaviləsi (VPPA) mexanizminin tətbiqidir.
“Bu layihənin üstünlüyü ondan ibarətdir ki, o, təkcə bərpa olunan və təmiz enerji istehsal etmir, eyni zamanda neft-qaz obyektlərinin dekarbonizasiyasına da xidmət edir. Səngəçal terminalı bu layihənin əsas enerji alıcısıdır”, - E.Musayev deyib.
O bildirib ki, Azərbaycanda ilk dəfə tətbiq olunan bu mexanizm gələcək layihələr üçün də yeni imkanlar yaradıb.
“Bu, Azərbaycanda yeni bir həll idi və deyərdim ki, ilk belə layihə olaraq eyni mexanizm çərçivəsində növbəti layihələri nəzərdən keçirməyimizə yol açdı”, - deyə şirkət rəhbəri vurğulayıb.
E.Musayevin sözlərinə görə, “SOCAR Green” daha sonra Azərbaycanın ən böyük elektrik enerjisi istehlakçısı olan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq və tərəfdaşlıq üzrə çərçivə sazişi imzalayıb.
“Onların obyektlərinin dekarbonizasiyası çərçivəsində razılaşdırdığımız mexanizm məhz VPPA modelinin təkrarlanmasına əsaslanır. Bu, Azərbaycanda biznesdən-biznesə (B2B) həllər üçün çox yaxşı mexanizmdir”, - o qeyd edib.
Şirkətin texnoloji innovasiyalarının yeni avadanlıqlar istehsal etməkdən daha çox mövcud texnologiyaların Azərbaycana gətirilməsi ilə bağlı olduğunu deyən E.Musayev vurğulayıb ki, mürəkkəb şəraitdə daha unikal həllərə ehtiyac yaranır.
“Biz istehsalçı şirkət deyilik. Buna görə də texnoloji innovasiyamız külək turbinlərinin və ya günəş panellərinin səmərəliliyini artırmaq üçün yeni texnologiyalar hazırlamaqdan daha çox, bu texnologiyaların Azərbaycana gətirilməsinə dəstək verməklə bağlı olacaq”, - deyə o bildirib.
E.Musayev qeyd edib ki, Azərbaycan bərpa olunan enerjinin inkişafında artıq “asan əldə olunan nəticələr” mərhələsini geridə qoyur.
“Biz əvvəlcə asan əldə olunan nəticələrdən başladıq. Azərbaycanda fasiləli enerji istehsalının həcmi çox aşağı idi və şəbəkə həmin mərhələdə ciddi təzyiq altında deyildi. Buna görə də ilk layihələrə təsdiq almaq daha asan idi”, - o deyib.
Onun sözlərinə görə, 2027-ci ilə qədər sistemə 2 QVt bərpa olunan enerji gücünün inteqrasiyası növbəti mərhələdə elektrik şəbəkəsinə əlavə təzyiq yaradacaq.
“İndi növbəti mərhələ şəbəkəyə əlavə yük gətirəcək. Hökumət, Energetika Nazirliyi və "Azərenerji" artıq məsləhətçilərlə birlikdə şəbəkənin necə optimallaşdırılması və modernləşdirilməsi ilə bağlı araşdırmalar aparır”, - E.Musayev bildirib.
O əlavə edib ki, şirkətlərin də məqsədi şəbəkəyə düşən yükü minimuma endirmək olmalıdır.
“Şirkətlər səviyyəsində biz bu yükü azaltmalıyıq ki, onlar üçün də proses o qədər çətin olmasın. Tərəfdaşlıq olmadan belə həllərin hazırlanması çətin olacaq. Azərbaycanda etməyə çalışdığımız əsas iş bilik, texnologiya və ideya mübadiləsidir”, - deyə “SOCAR Green”in baş direktoru vurğulayıb.
E.Musayev bildirib ki, şirkət bu istiqamətdə Amerika, Çin və Yaxın Şərq şirkətləri ilə əməkdaşlıq edir.
O, "Masdar"ın Özbəkistanda fasiləsiz enerji təminatını nəzərdə tutan (RTC) layihəsini, eləcə də "ACWA Power"in Qırmızı dənizdə şəbəkədənkənar RTC layihəsini nümunə göstərib.
“Bu layihələri həyata keçirən şirkətlər var. Nə üçün onlarla əməkdaşlıq edib Azərbaycan üçün optimal həlli tapmayaq? Şəbəkəyə düşən yükü necə minimuma endirə, hətta aradan qaldıra bilərik?” - deyə E.Musayev sual edib.
Baş direktor "yaşıl hidrogen" kimi yeni texnologiyaların da Azərbaycan üçün perspektivlərini araşdırdıqlarını bildirib.
“Biz tərəfdaşlarımızla birlikdə "yaşıl hidrogen" üzrə çoxlu təhlillər aparmışıq, çətinlikləri görür və anlayırıq. Növbəti addım bu məsələdən sadəcə imtina etmək deyil, problemləri necə həll edə biləcəyimizi düşünməkdir. Ola bilsin ki, "yaşıl hidrogen"in törəmələri Azərbaycan üçün daha əlverişli variant olsun”, - o qeyd edib.
E.Musayev geotermal enerjini də Azərbaycanda inkişaf etdirilə biləcək istiqamətlərdən biri kimi göstərib.
“Azərbaycan heç vaxt geotermal enerji ölkəsi olmayıb. Lakin bu, bunun Azərbaycanda mümkün olmadığı anlamına gəlmir. Bunun üçün düzgün yanaşmanı müəyyənləşdirmək lazımdır. Azərbaycanda bu sahədə təcrübəmiz yoxdur, çünki buna indiyədək ehtiyac olmayıb. Buna görə də aparıcı şirkətlərlə əməkdaşlıq etməliyik”, - deyə o vurğulayıb.
E.Musayevin sözlərinə görə, əməkdaşlıq yalnız investorlar və texnologiya şirkətləri ilə məhdudlaşmamalıdır.
“Digər investorlar və ya texnologiya təchizatçıları ilə tərəfdaşlıq etmək kifayət deyil. Hökumətlərə məsləhət verən və bir çox ölkələrlə işləyən beynəlxalq maliyyə institutları ilə də tərəfdaşlıqlar qurmaq vacibdir”, - o bildirib.
Şirkət rəhbəri digər platformalarla əməkdaşlığın da əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, “SOCAR Green” "SETClean" ilə yaxşı münasibətlər qurub və qarşılıqlı dəstək göstərməyi planlaşdırır.
Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçirilir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.
