Bakı.Trend:
İspaniyada hökumətin miqrasiya siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilib. Aksiyalardan biri zamanı ifrat sağçı “Nucleo Nacional” hərəkatının fəalları nasist salamına bənzər jestlərdən istifadə edib, həmçinin İspaniya diktatoru Fransisko Frankonun rejimi ilə əlaqələndirilən mahnını ifa ediblər.
İspaniya KİV-nin məlumatına görə, etirazlar Şimali Afrikada yerləşən İspaniyanın muxtar şəhəri Seutaya Mərakeşdən çoxsaylı miqrantların gəlməsi fonunda baş verib.
Aksiya iştirakçıları, o cümlədən “Nucleo Nacional” hərəkatının nümayəndələri “Seuta satılmır, Seuta özünü qoruyacaq!” şüarını səsləndiriblər. Bununla belə, “Nucleo Nacional” nümayəndəsi fəalların məhz nasist salamından istifadə etmədiyini bildirib. Onun sözlərinə görə, aksiya iştirakçıları guya əcdadları simvolizə edən “iberiya və ya Roma salamı” veriblər.
Etirazlarda təxminən 50 000 nəfər iştirak edib. Aksiyalar Madriddə nümayişçilərlə polis arasında toqquşmalarla başa çatıb. Dörd nəfər saxlanılıb, dörd polis əməkdaşı xəsarət alıb. Aksiyanı işıqlandıran jurnalistlərin nümayişçilər tərəfindən itələnməsi və təhqir edilməsi halları da qeydə alınıb.
