SOCAR ilk dəfə İtaliyadan Gürcüstana benzin idxal edib

Energetika Materials 4 Sentyabr 2026 12:23 (UTC +04:00)
SOCAR ilk dəfə İtaliyadan Gürcüstana benzin idxal edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" “SOCAR Group”a daxil olan “Italiana Petroli” şirkətindən ilk benzin partiyasını idxal edib.

Bu barədə "SOCAR Georgia Petroleum" məlumat yayıb.

Bildirilib ki, 5 min tonluq EN 228 standartına uyğun yük “Italiana Petroli”nin “SOCAR Group” tərəfindən alınmasından sonra iki şirkət arasında ilk birbaşa təchizat əməliyyatıdır.

Məlumata əsasən, 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxalı “Avropa EN 228” standartına uyğundur və Gürcüstana SOCAR-a məxsus gəmi ilə çatdırılıb.

“Bu, SOCAR-ın “API Holding” şirkətindən İtaliya şirkətinin səhmlərinin 99,82 faizini almasından sonra “SOCAR Georgia Petroleum” ilə “Italiana Petroli” arasında həyata keçirilən ilk kommersiya təchizatı əməliyyatıdır. Əməliyyat qrup daxilində əməkdaşlığın genişləndirilməsinin, emal, dəniz logistikasını, yerli paylama və pərakəndə satış fəaliyyətlərini vahid beynəlxalq aşağı axın (downstream) dəyər zəncirində birləşdirən yanaşmanın praktiki nəticəsidir. Gürcüstan bazarı baxımından isə bu əməliyyat yanacaq təchizatı mənbələrinin şaxələndirilməsinə və yanacaq təminatının etibarlılığının artırılmasına imkan verir”, - məlumatda qeyd edilib.

“SOCAR Group”un tərkibində olmaq bir bazardakı təcrübə və imkanların digər bazarda real nəticələr yaratması baxımından əlavə dəyər formalaşdırır. “Italiana Petroli”nin emal sahəsində təcrübəsi və keyfiyyətə nəzarət imkanlarını SOCAR-ın beynəlxalq logistika və yerli paylama infrastrukturu ilə birləşdirərək Gürcüstanda yanacaq təchizatı portfelimizi daha da şaxələndiririk. Yerli müştərilər üçün bu, qəbul etdiyimiz Avropa standartlarına uyğun yüksək keyfiyyətli yanacağa etibarlı çıxışın davam etdirilməsi deməkdir”, - “SOCAR Georgia Petroleum” şirkətinin direktoru Nodar Kançaveli bildirib.

Məlumata əsasən, “Italiana Petroli”nin 8 may 2026-cı ildə başa çatdırılan satınalınması SOCAR-ın Avropadakı aşağı axın əməliyyatlarını daha da genişləndirib. İtaliya SOCAR-ın Avropadakı ilk bazarı deyil. Qrupun İsveçrə, Avstriya və Rumıniyada da fəaliyyətləri mövcuddur. Daha geniş regional fəaliyyət coğrafiyasına isə Türkiyə və Ukrayna daxildir.

Gürcüstan SOCAR-ın beynəlxalq inkişafında xüsusi yer tutur. “SOCAR Energy Georgia” 2006-cı ildə SOCAR-ın Azərbaycandan kənarda yaradılmış ilk törəmə şirkəti olub. Azərbaycandan kənarda SOCAR brendi ilə fəaliyyət göstərən ilk yanacaqdoldurma məntəqəsi də Rustavi yaxınlığında açılıb.

Qeyd edək ki, 2025-ci ilin sentyabrın 23-də Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Italiana Petroli S.p.A" və "MIP S.p.A" arasında səhmlərin alqı-satqısı üzrə üçtərəfli saziş imzalanıb.

Sazişə SOCAR prezidenti Rövşən Nəcəf və "Italiana Petroli S.p.A" şirkətinin İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imza atıblar.

Bildirilib ki, bu razılaşma Azərbaycanın enerji sektorunda beynəlxalq əməkdaşlığın dərinləşməsi və SOCAR-ın strateji tərəfdaşlıqlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Italiana Petroli S.p.A"nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti Trend-ə müsahibəsində bildirib ki, Azərbaycan və SOCAR bütövlükdə İtaliyaya yeni investisiyalar, müasir yanaşma və dəyərli təcrübə gətirə bilər.

Uqo Braçetti Peretti Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib: "Azərbaycan Aralıq dənizi regionunda qaz, xam neft və neft məhsullarının istehsalı üzrə əsas ölkələrdən biridir. Bu sahədə Azərbaycanın böyük etibarı və nüfuzu var. Biz də Azərbaycanla bu əməkdaşlığı qurduğumuz üçün çox məmnunuq".

SOCAR bütün lazımi tənzimləyici razılıqları əldə etdikdən sonra 8 may 2026-cı il tarixində "Italiana Petroli" şirkətinin səhmlərinin 99,82 %-nin satın alınması prosesini tamamlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti