"Volksvagen"də 2030-cu ilədək 100 min iş yerinin ixtisarı gözlənilir

Dünya xəbərləri Xəbər 4 Sentyabr 2026 04:06 (UTC +04:00)
"Volksvagen"də 2030-cu ilədək 100 min iş yerinin ixtisarı gözlənilir
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

"Volksvagen"in Müşahidə Şurası tarixi restrukturizasiya planını yekdilliklə təsdiqləyib. Plan çərçivəsində yaxın beş il ərzində qrup üzrə ixtisar ediləcək iş yerlərinin ümumi sayının rekord həddə – 100 minə çatması nəzərdə tutulur. Bu qərar ən azı müvəqqəti olaraq şirkət rəhbərliyi ilə işçilər arasında ciddi qarşıdurmanın qarşısını almağa imkan verib.

“2030 Gələcək Planı” adlandırılan proqram çərçivəsində onilliyin sonunadək dünya üzrə təxminən 50 min əlavə iş yerinin ixtisar edilməsi nəzərdə tutulur. Bu, 2024-cü ildən etibarən Almaniyada, əsasən "Volksvagen" markasında artıq qərara alınmış 50 min ixtisara əlavədir.

Beləliklə, elan edilmiş və planlaşdırılan ixtisarların ümumi sayı 100 min iş yerinə çata bilər. Bu, "Volksvagen"in daxil olduğu 10 markalı qrupun dünya üzrə işçi qüvvəsinin təxminən 15 faizinə bərabərdir. Qrupa əsas Volkswagen markası ilə yanaşı Audi, Porsche, Seat və Skoda da daxildir.

Bu, həm "Volksvagen", həm də bütövlükdə Almaniyanın avtomobil sənayesi üçün misli görünməmiş miqyasda restrukturizasiya hesab olunur.

Açıqlama ölkənin şərqində yerləşən Saksoniya-Anhalt federal torpağında böyük maraq doğuran regional seçkilərə üç gün qalmış verilib. Seçkilərdə ifrat sağçı qüvvələrin mütləq çoxluq əldə edərək federal torpaqda hökumət formalaşdırması ehtimalı var. Bu, müharibədən sonrakı Almaniya tarixində ilk belə hal ola bilər. Belə ssenari artıq rekord səviyyədə aşağı reytinqə malik mühafizəkar kansler Fridrix Merts üçün ciddi siyasi zərbə olacaq.

İş yerlərinin ixtisarını əsaslandıran "Volksvagen" bildirib ki, "qlobal rəqabət təzyiqinin artması, tələbat strukturunun dəyişməsi və avtomobil sənayesində texnoloji transformasiya fonunda işçi qüvvəsinin imkanlarının iqtisadi reallıqlara uyğunlaşdırılması zəruridir".

Qərar şirkətin Müşahidə Şurasının Rəyasət Komitəsinin iclasından sonra açıqlanıb.

İşçilərin və səhmdarların bərabər səs hüququna malik olduğu Müşahidə Şurasında Avropada 500 min avtomobil istehsalı həcmində artıq istehsal gücünün mövcud olduğu qeyd edilib.

Bundan əlavə, Almaniyanın Emden, Tsvikkau, Hannover və Nekkarzulm şəhərlərində yerləşən və təhlükə altında olan dörd zavodda hazırda “rəqabətədavamlı istehsal yükünün gələcəkdə təmin edilə bilməyəcəyi” müəyyənləşdirilib.

Bununla belə, Volksvagen bu müəssisələrin bağlanması kimi siyasi baxımdan son dərəcə həssas addıma getməyib. Şirkət bildirib ki, "alternativ istifadə imkanları nəzərdən keçirilir" və 2027-ci ilin ortalarına qədər Avropadakı zavodları üçün yeni sənaye təşkilatlanması modeli hazırlamaq niyyətindədir.

Plan yalnız işçi sayının azaldılmasını deyil, həm də avtomobil istehsalçısının fəaliyyətinin dərindən yenidən qurulmasını nəzərdə tutur. "Volksvagen", xüsusilə, 2035-ci ilədək model çeşidini yarıya qədər azaltmağı planlaşdırır.

Şirkət həmçinin 2030-cu ilədək əməliyyat mənfəət marjasını 2025-ci ildəki cəmi 3 faizdən 9 faizə çatdırmağı hədəfləyir. 2027–2031-ci illərdə zavodlara, tədqiqat və inkişafa 135 milyard avro investisiya qoyulması nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti