Bakı.Trend:
Türkiyənin ədliyyə naziri Akın Gürlek vətəndaşlara məxsus şəxsi məlumatların qanunsuz yollarla əldə edilərək “panel” adlanan sorğu sistemlərində istifadə olunması ilə bağlı aparılan istintaq çərçivəsində 31 vəkil barəsində saxlanılma qərarı verildiyini açıqlayıb.
Bu barədə “Haber7” məlumat yayıb.
Gürlek sosial media hesabında etdiyi paylaşımda vətəndaşların şəxsi məlumatlarının qanunsuz yollarla əldə edilməsinin və bu məlumatlardan istifadə etməklə insanlara ziyan vurulmasının qəbuledilməz olduğunu bildirib.
İstanbul Respublika Baş Prokurorluğunun Kibercinayətlərlə bağlı İstintaq Bürosunun koordinasiyası ilə İstanbul İl Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırmalar zamanı vətəndaşlara məxsus şəxsi məlumatların qanunsuz yollarla əldə edilərək “panel” adlanan sorğu sistemlərində istifadə edildiyi müəyyənləşdirilib.
Aparılan araşdırmalar nəticəsində sözügedən qanunsuz sistemlərin bəzi hüquq bürolarına ödəniş müqabilində satıldığı və abunə sistemi əsasında istifadəyə verildiyi müəyyən edilib.
