Bakı. Trend:
İran silahlı qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiya ölkə üçün yaranan təhlükələrə qarşı bundan sonra qabaqlayıcı (önləyici) əməliyyatlar keçirmək niyyətində olduqlarını bəyan edib. Bu barədə "IRIB" dövlət telekanalı məlumat yayıb.
Ölkənin hərbi strategiyasının dəyişdiyinə diqqət çəkən general: "Təhlükə gördüyümüz hər yerdə qabaqlayıcı əməliyyatlar keçirəcəyik", — deyə bildirib.
"Hərbi doktrinamız qabaqlayıcı müdafiə və çəkindirici əməliyyatlar tərəfə yönəlib", — deyə o əlavə edib.
Ötən həftə Əkrəminiya həmçinin bildirib ki, İran yeni hərbi texnika almaqla və ABŞ ilə hərbi münaqişə zamanı zədələnmiş hərbi infrastrukturu bərpa etməklə hərbi imkanlarını gücləndirib.
General, həmçinin ABŞ ilə atəşkəs dövründə aparılan təlimlər hesabına İran silahlı qüvvələrinin möhkəmləndiyini bəyan edib.