Bakı.Trend:
Niderlandın ING bank qrupu 2029-cu ilədək Azərbaycanın ÜDM artımı ilə bağlı yenilənmiş proqnozunu açıqlayıb.
ING-nin məlumatına görə, 2026-cı ildə ÜDM-in illik artımı 1,9 faiz təşkil edəcək.
Analitiklərin qiymətləndirməsinə əsasən, 2027-ci il üçün proqnoz dəyişməyərək 3 faiz səviyyəsində qalıb, 2028-ci ildə isə ÜDM-in 2,3 faiz artacağı gözlənilir:
“2026-cı il üzrə rüblük bölgüdə aşağıdakı göstəricilər proqnozlaşdırılır: üçüncü rübdə 3 faiz, dördüncü rübdə 3,3 faiz”.
2027-ci ildə dinamika belə olacaq: Birinci rübdə artımın 3 faiz, ikinci rübdə 3,5 faiz, üçüncü rübdə 2 faiz, dördüncü rübdə isə 3,5 faiz olacağı gözlənilir. 2028-ci ildə ÜDM-in illik artımı 2,3 faiz təşkil edəcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin dərc etdiyi “Ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri, 2026-cı ilin yanvar-iyul ayları” hesabatına əsasən, cari ilin yanvar-iyul aylarında Azərbaycanda 76,818 milyard manatlıq ÜDM istehsal olunub. Göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıb.
“Ötən hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz azalaraq 22,917 milyard manat, qeyri-neft-qaz sektorunda isə 2,2 faiz artaraq 53,901 milyard manat təşkil edib”, - deyə qurum bildirir.
“Fitch Ratings” 2026-cı ildə Azərbaycanın ÜDM artımının 2 faiz təşkil edəcəyini proqnozlaşdırır.
“Biz 2026-cı ildə artımın 2 faizə qədər mülayim sürətlənəcəyini gözləyirik. Buna daha yüksək enerji qiymətlərinin təsiri ilə məhdudlaşdırıcı fiskal və pul-kredit siyasəti, eləcə də kreditləşmənin mülayim artımı arasında tarazlığın yaranması səbəb olacaq”, - deyə “Fitch” analitikləri qeyd edirlər.
