Sənaye sektoru üzrə biznes kredit portfeli böyüyüb

İqtisadiyyat Materials 3 Sentyabr 2026 19:20 (UTC +04:00)
Sənaye sektoru üzrə biznes kredit portfeli böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycan banklarının sənaye sahəsi üzrə biznes kredit portfeli 2,722 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında hesablamasına görə, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 6,1 milyon manat və ya 0,2%, ötən ilin eyni dövrünə nisbətən isə 10,7 milyon manat 0,4% artıb.

Belə ki, sənaye sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin iyulun 1-nə 2,716 miyard manat, ötən ilin avqustun 1-nə isə 2,711 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, 2026-cı ilin avqustun 1-nə Azərbaycanda bankların kredit portfeli 32,095 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 54% (17,333 milyard manat), istehlak kreditlәri 31,3% (10,037 milyard manat) vә ipoteka kreditlәri 14,7% (4,725 milyard manat) təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov da iyulun 31-də faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransda bank sektorunda kreditləşmənin genişlənməsi üçün kifayət qədər maliyyə imkanlarının olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda bank sektorunda məcburi ehtiyatlar nəzərə alınmadan 6 milyard manat həcmində izafi likvidlik mövcuddur.

"Bizim likvidliklə bağlı bütün tələblərimizə bank sektoru tam riayət edir. Həmin tələblər nəzərə alınmaqla belə, ümumi hesablamalara əsasən bank sektorunun 4,6 milyard manat sərbəst vəsaiti mövcuddur. Banklar bu vəsaitləri həm kapitallaşmaya, həm də kreditləşməyə yönəldə bilərlər", – deyə Taleh Kazımov bildirib.

AMB sədrinin açıqlaması göstərir ki, bank sistemində mövcud olan sərbəst likvidlik biznes, istehlak və ipoteka kreditlərinin daha da genişləndirilməsi üçün əlavə imkan yaradır. Bu isə kredit portfelində biznes kreditlərinin üstün mövqeyini qoruması fonunda iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsinin gələcəkdə də artacağına işarə edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti