Bakı. Trend:
Avqustun 29-da Böyük Britaniyanın Plimut şəhəri sahillərində batan və iki fransız balıqçının itkin düşməsinə səbəb olan Fransanın "Maranello" balıqçılıq gəmisinin qalıqlarının yeri müəyyən edilib.
Bu barədə Sen-Briye prokuroru məlumat verib.
Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus mina axtaran gəmi sentyabrın 1-də Brest limanından yola çıxaraq Plimutdan 48 km cənub-qərbdə yerləşən qəza bölgəsinə göndərilib.
Sen-Briye Respublikasının prokuroru Jülyen Vaterbled açıqlamasında bildirib ki, mina axtaran gəmi batmış gəminin qalıqlarını aşkar edib. Aparılan ilkin yoxlamalar "qalıqların məhz Maranello gəmisinə aid olduğunu təsdiqləməyə imkan verib".
Prokuror əlavə edib: "Gəmi 72 metr dərinlikdədir".
Sen-Briye limanında qeydiyyatda olan "Maranello" gəmisi şənbə günü İngiltərənin Plimut limanı yaxınlığında balıqçılıq avadanlığı ilə bağlı problemlərin yarandığını bildirərək fövqəladə yardım siqnalı göndərib.
Yaxınlıqda olan digər gəmi — "Stradale" "Maranello" batmazdan əvvəl beş ekipaj üzvündən üçünü xilas edə bilib. Lakin gəminin kapitanı və baş mexaniki də daxil olmaqla iki balıqçı hələ də itkin düşmüş hesab olunur.