TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul edib (FOTO)

Siyasət Materials 3 Sentyabr 2026 19:52 (UTC +04:00)
TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul edib (FOTO)

Bakı. Trend:

Sentyabrın 3-də Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi cənab Ramil Həsən TÜRKPA Beynəlxalq Katibliyində Azərbaycanda rəsmi səfərdə olan ATƏT Parlament Assambleyasının Prezidenti cənab Pere Joan Pons Sampietronun başçılığı ilə ATƏT PA nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, o cümlədən 2010-cu ildən TÜRKPA-nın ATƏT PA ilə səmərəli və fəal əməkdaşlığı xüsusilə vurğulanıb. Həmçinin TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi ilə bağlı atılan addımlar, ATƏT PA-nın iyul ayında Haaqada keçirilmiş illik sessiyasında bu məsələ ilə bağlı səsvermə prosesi və bundan sonrakı mərhələ ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Qazaxıstanda baş tutan Parlament seçkiləri, TÜRKPA-nın son dövrdə həyata keçirdiyi irimiqyaslı və faydalı əlaqələr, dialoq, sülh, əmin-amanlıq, qarşılıqlı anlayış istiqamətində ATƏT PA və TÜRKPA-nın səmərəli əməkdaşlığı müzakirə edilib. Eyni zamanda gələcək fəaliyyətlərində nümayəndə heyətlərinin daha fəal şəkildə iştirakının ümumi maraqlara xidmət etdiyi, həm ATƏT PA Prezidenti, həm də TÜRKPA Baş katibi tərəfindən vurğulanıb.

Öz növbəsində, ATƏT PA-nın Prezidenti cənab Pere Joan Pons Sampietro səmimi qəbul üçün təşəkkür edib, TÜRKPA ilə əməkdaşlıqdan məmnuniyyət duyduqlarını və qarşılıqlı dialoqa xidmət edən demokratik dəyərlərin üstün tutulduğu parlament diplomatiyasının inkişafı ilə bağlı həyata keçirilən proseslərdə TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də əllərindən gələn dəstəyi verəcəklərini bildirib. Baş katib, öz növbəsində qarşılıqlı fəaliyyət və layihələrdə birgə iştirakın çox vacib olduğunu vurğulayaraq bunun ümumi maraqlara xidmət edən əsas amillərdən biri olduğunu da qeyd edib.

Görüşdə ATƏT PA-nın vitse-prezidenti və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Luís Graça, TÜRKPA Beynəlxalq Katibliyindən isə Baş katibin müavinləri cənab Talqat Aduov və cənab Muhammet Alper Hayali, eləcə də Komissiya katibi Aynurə Abutalibova iştirak ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti