Xiaomi IFA 2026-da: smartfon, avtomobil və ev bir ekosistemdə (FOTO)

Telekommunikasiya Materials 4 Sentyabr 2026 11:23 (UTC +04:00)
Xiaomi IFA 2026-da: smartfon, avtomobil və ev bir ekosistemdə (FOTO)

Bakı. Trend:

Avtomobiliniz, smartfonunuz və evinizdəki cihazlar bir-birini “anlasa”, gündəlik həyat necə dəyişər? Xiaomi Berlində keçirilən IFA 2026 sərgisində bu suala “İnsan × Avtomobil × Ev” ağıllı ekosistemi ilə cavab verir. Sərgiyə ilk dəfə qatılan şirkət 3 300 m²-dən çox sahədə yeddi kateqoriya üzrə 380-dən çox məhsul nümayiş etdirir. Bu, Xiaomi-nin indiyədək xaricdə qurduğu ən böyük müstəqil sərgi stendidir.

Burada diqqət təkcə yeni cihazlara deyil, onların birlikdə nələr edə bildiyinə yönəlir. Xiaomi fərdi cihazları, avtomobilləri və ağıllı ev həllərini birləşdirərək gündəlik işləri daha rahat etməyi hədəfləyir. Mijia-nın Avropada genişlənməsi və Xiaomi Auto-nun 2027-ci ildə region bazarına gözlənilən çıxışı bu yanaşmanın növbəti addımlarıdır.

Gələcəyin ideyaları, bu günün ssenariləri

Xiaomi stendi üç zonadan ibarətdir. AI Tomorrow ziyarətçiləri mobilliyin gələcəyinə aparır: burada Xiaomi Vision Gran Turismo elektrik hiperkar konsepti təqdim olunur. AI Today isə texnologiyanın gündəlik həyatdakı rolunu göstərir. Xiaomi SU7 Max, qonaq otağı, mətbəx, yataq otağı və iş otağı ssenariləri cihazların bir-biri ilə necə əlaqə qura bildiyini nümayiş etdirir.

Human × Car × Home Product Portfolio zonasında məişət texnikasından fərdi cihazlara qədər geniş məhsul çeşidi yer alır. Uyğun cihazlar Xiaomi Home tətbiqi vasitəsilə birləşərək vahid sistemdə işləyə bilir. Beləliklə, ziyarətçilər ayrı-ayrı məhsullarla yanaşı, bütöv ekosistemin imkanlarını da görürlər.

Bir istək, bir neçə cihazın birgə işi

Kitab oxumağa hazırlaşırsınız və ya səhər daha rahat oyanmaq istəyirsiniz? Xiaomi-nin sərgidəki nümayişlərində istifadəçi belə bir məqsəd bildirdikdə, bir neçə cihaz uyğun mühit yaratmaq üçün birlikdə işləyə bilər. İdeya sadədir: hər cihazı ayrıca idarə etmək əvəzinə, texnologiya istifadəçinin nə etmək istədiyini anlayaraq cihazların işini əlaqələndirir.

Xiaomi süni intellektin gələcəyini məhz belə görür: o, ekrandakı suallara cavab verməklə yanaşı, real həyatda da kömək etməlidir. Bütün bu ssenarilərdə istifadəçinin icazəsi və nəzarəti əsas şərt olaraq qalır.

Bu yanaşmanın arxasında geniş cihaz şəbəkəsi dayanır. 2026-cı ilin ikinci rübünə olan məlumata görə, Xiaomi-nin AIoT platformasına 1,1 milyarddan çox cihaz qoşulub və platforma dünya üzrə 175 milyondan çox istifadəçiyə xidmət göstərib.

Xiaomi Auto: 700 000-dən çox avtomobil və Avropaya doğru növbəti addım

2024-cü ilin martında ilk təhvilvermələrdən bəri Xiaomi Auto Çinin materik hissəsində müştərilərə 700 000-dən çox avtomobil təhvil verib. Xiaomi YU7 isə ilk gündə 240 000-dən çox təsdiqlənmiş sifariş alıb. Şirkətin növbəti planı 2027-ci ildə Almaniya da daxil olmaqla Avropa bazarlarına çıxmaqdır.

IFA-da avtomobil istiqamətini Xiaomi Vision Gran Turismo, yeni nəsil Xiaomi SU7 və Xiaomi SU7 Ultra təmsil edir. Gran Turismo üçün hazırlanmış hiperkar konsepti şirkətin gələcəyin avtomobil dizaynına, aerodinamikaya və ağıllı qarşılıqlı əlaqəyə baxışını göstərir.

Yeni Xiaomi SU7 idman üslublu dizaynı Xiaomi HyperOS ilə inteqrasiya ilə birləşdirir: avtomobil fərdi cihazlar və ağıllı evlə əlaqəli işləyə bilir. Xiaomi SU7 Ultra isə brendin yüksək performanslı flaqmanıdır. Bu modellər Xiaomi-nin avtomobili daha geniş rəqəmsal həyatın bir hissəsi kimi gördüyünü göstərir.

Mijia: evdəki cihazlar birlikdə işləyəndə

Yemək hazırlamaq, təmizlik, evin havasına qulluq, əyləncə və təhlükəsizlik — Xiaomi-nin ağıllı ev brendi Mijia bu gündəlik ehtiyacları bir araya gətirir. Onun portfelində 130-dan çox kateqoriya üzrə 2 000-dən çox məhsul mövqeyi var.

“The Art of Smart Living” (“Ağıllı həyat sənəti”) konsepsiyasının mərkəzində texnologiyadan rahat istifadə dayanır. Xiaomi Home tətbiqində uyğun cihazları bir yerdən idarə etmək və müxtəlif ev ssenarilərində birləşdirmək mümkündür. Hər bir məhsulun funksionallığı, keyfiyyəti və dizaynı isə ekosistem imkanları qədər önəmli olaraq qalır.

Bu yanaşma Mijia-nın görünüşündə də hiss olunur. Xiaomi-nin “Alive” dizayn fəlsəfəsi sadə formalar və vahid dizayn prinsipləri ilə cihazların evə təbii uyğunlaşmasını hədəfləyir. Məqsəd texnologiyanı daha mürəkkəb göstərmək deyil, onu gündəlik həyatın rahat bir hissəsinə çevirməkdir.

Sərgidəki bütün məhsulların Avropada satışa çıxacağı hələ təsdiqlənməyib. Hər bazar üçün seçim yerli ehtiyaclar, sertifikatlaşdırma, enerji səmərəliliyi standartları və xidmət imkanları nəzərə alınaraq edilir. Satışa çıxarılacaq modellər barədə məlumat rəsmi regional kanallarda paylaşılacaq.

Uzunmüddətli inkişaf üçün texnoloji təməl

Xiaomi 2026–2030-cu illərdə dünya üzrə tədqiqat və inkişafa 24 milyard avrodan çox investisiya yatırmağı planlaşdırır. Süni intellekt, əməliyyat sistemləri, şirkətin öz çipləri, ağıllı avtomobillər, robototexnika və ağıllı istehsal əsas istiqamətlər sırasındadır.

Sərgidə nümayiş olunan insanabənzər Xiaomi CyberOne robotu da bu axtarışların bir hissəsidir. O, hazırda satış üçün nəzərdə tutulan istehlakçı məhsulu deyil, süni intellektlə qavrama, idarəetmə və insan–maşın qarşılıqlı əlaqəsini araşdırmaq üçün texnoloji platformadır.

Avropada genişlənmə məhsullarla məhdudlaşmır. Xiaomi yerli komandaları, quraşdırma, təmir və satışsonrası xidmət imkanlarını da inkişaf etdirir. Şirkətin hədəfi smartfon, avtomobil və ev arasındakı əlaqəni gücləndirərək gündəlik işləri asanlaşdırmaq və istifadəçiyə daha çox rahatlıq yaratmaqdır.

Xəbər lenti

Xəbər lenti