Bakı.Trend:
“Azərbaycan Dəmir Yolları” QSC Bakı Metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması layihəsi ilə bağlı Asiya İnkişaf Bankı üçün ilkin ekoloji rəy qiymətləndirmə hazırlayıb.
AİB-in saytında dərc olunan sənədə əsasən, layihə Bakı Metropoliteninin təhlükəsizliyinin, etibarlılığının, sərnişindaşıma qabiliyyətinin və əməliyyat səmərəliliyinin artırılmasına, həmçinin onun uzunmüddətli dayanıqlılığının təmin edilməsinə yönəlmiş strateji infrastruktur təşəbbüsüdür.
Layihə çərçivəsində mövcud köhnəlmiş siqnalizasiya və idarəetmə sistemləri rabitə əsaslı qatar hərəkətinin idarə edilməsi sistemi (CBTC) və müvafiq rəqəmsal platformalarla əvəz olunacaq. Bundan əlavə, yol və qatarüstü avadanlıqların modernləşdirilməsi, mərkəzləşdirilmiş rəqəmsal sistemlər vasitəsilə istismar idarəetməsinin təkmilləşdirilməsi, habelə monitorinq, diaqnostika, texniki xidmətin planlaşdırılması və sərnişinlərin məlumatlandırılması sistemlərinin yaxşılaşdırılması nəzərdə tutulur.
Layihə Bakı Metropoliteninin mövcud infrastrukturundan, o cümlədən tunellər, stansiyalar, depolar, yarımstansiyalar, texniki otaqlar, dispetçer obyektləri, kabel xətləri və hərəkət heyətindən istifadə edilməklə həyata keçiriləcək. Yeni xətlərin və stansiyaların tikintisi, genişmiqyaslı torpaq işlərinin aparılması və ya metropolitenin mövcud ərazisindən kənara genişlənmə nəzərdə tutulmur.
Əsas işlərə yeni siqnalizasiya və kommunikasiya avadanlıqlarının quraşdırılması, köhnəlmiş elektrik və idarəetmə komponentlərinin dəyişdirilməsi, yeni rəqəmsal sistemlərin inteqrasiyası, onların sınaqdan keçirilməsi və istismara verilməsi, həmçinin sonrakı mərhələdə köhnəlmiş infrastrukturun sökülməsi daxil olacaq.
“Sənədə əsasən, layihə üç əsas mərhələdə həyata keçiriləcək. Birinci mərhələyə layihələndirmənin başa çatdırılması, satınalma, zavod qəbul sınaqları, yol və qatarüstü avadanlıqların quraşdırılması, sistemlərin inteqrasiyası, pilot istismar və bütün şəbəkə üzrə mərhələli tətbiq daxil olacaq. İkinci mərhələ sabitləşmə və paralel istismar dövrünü əhatə edəcək. Bu müddət ərzində təhlükəsizliyin, etibarlılığın və istismara hazırlığın yoxlanılması məqsədilə yeni və mövcud sistemlər təxminən 6–12 ay ərzində eyni vaxtda işləyəcək. Üçüncü mərhələyə isə mövcud sistemin mərhələli şəkildə istismardan çıxarılması, o cümlədən onun söndürülməsi, təhlükəsizlik yoxlaması, pilot söküntü işləri, köhnəlmiş avadanlıqların tam sökülməsi, materialların idarə olunması və yekun sənədlərin hazırlanması daxil olacaq”, – deyə sənəddə bildirilir.
Layihənin ekoloji təsirlərinin əsasən lokal, müvəqqəti və ekoloji idarəetmə planının icrası ilə nəzarətdə saxlanıla bilən olacağı gözlənilir.
İşlər Bakı Metropoliteninin mövcud infrastrukturu çərçivəsində aparılacağından layihə yeni xətlərin və stansiyaların tikintisini, genişmiqyaslı torpaq işlərini, təbii yaşayış mühitlərinin yerləşdiyi ərazilərə genişlənməni və ya mühafizə olunan ərazilərdə işlərin görülməsini nəzərdə tutmur. Bu səbəbdən ətraf mühitə ciddi və ya geri dönməz təsirin yaranacağı gözlənilmir.
“Sənəddə qeyd olunur ki, əsas ekoloji risklər fəaliyyət göstərən yeraltı metro sistemində işlərin aparılması və köhnəlmiş elektrik və siqnalizasiya avadanlıqlarının sökülməsi ilə bağlıdır”.
Sənədə əsasən, layihənin ən mühüm ekoloji məsələlərindən biri tullantıların, xüsusilə avadanlıqların sökülməsi mərhələsində yaranan tullantıların idarə olunmasıdır. Bakı Metropoliteninin bəzi sahələrində qrunt sularının daxil olması mövcud istismar amili olduğundan, qrunt sularına və drenaj sistemlərinə potensial təsirlər də aktual məsələlər sırasındadır.
Bununla yanaşı, torpaqlara, geologiyaya, biomüxtəlifliyə və mühafizə olunan ərazilərə təsirin aşağı səviyyədə olacağı gözlənilir. Mədəni irslə bağlı məsələlərə xüsusi diqqət yetirilməlidir, lakin müvafiq təsirlərin azaldılması tədbirlərinə əməl olunacağı təqdirdə ciddi nəticələrin yaranacağı gözlənilmir.
Ümumilikdə, layihənin metropolitenin ekoloji göstəricilərinə və istismar səmərəliliyinə uzunmüddətli perspektivdə əhəmiyyətli müsbət təsir göstərəcəyi gözlənilir.
Sənəddə qeyd olunur ki, təsirlərin azaldılması tədbirləri mümkün olduğu hallarda mənfi nəticələrin qarşısının alınması, risklərin bilavasitə yarandığı mənbədə azaldılması və qalıq təsirlərin xüsusi prosedurlar, monitorinq, nəzarət və korrektiv tədbirlər vasitəsilə idarə olunması prinsiplərinə əsaslanır.
