Azərbaycan tibb sisteminə əsaslı investisiya: Güclü kadr, keyfiyyətli xidmət, əlçatan səhiyyə

Cəmiyyət Materials 2 Sentyabr 2026 16:14 (UTC +04:00)
Azərbaycan tibb sisteminə əsaslı investisiya: Güclü kadr, keyfiyyətli xidmət, əlçatan səhiyyə
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə sistemində həyata keçirilən hər bir islahatın real dəyəri yalnız ayrılan vəsaitin və ya qəbul edilən qərarların miqyası ilə ölçülmür. Əsas göstərici həmin dəyişikliklərin vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətində, əlçatanlığında və davamlılığında nə qədər hiss olunmasıdır.

Bu baxımdan TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı qərarı yalnız sosial xarakterli addım kimi qiymətləndirmək düzgün olmazdı. Burada səhiyyənin ən vacib resursu olan insan kapitalının gücləndirilməsinə yönəlmiş daha geniş siyasətdən söhbət gedir.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünün Prezident İlham Əliyev tərəfindən dəstəklənməsi də məsələnin dövlət siyasətindəki əhəmiyyətini göstərir. Tibb işçisinin əməyinin daha yüksək qiymətləndirilməsi, onun sosial rifahının yaxşılaşdırılması və peşəyə marağın artırılması uzunmüddətli perspektivdə səhiyyə sisteminin dayanıqlılığı üçün mühüm şərtlərdən biridir. Çünki müasir avadanlıq, yeni tibb müəssisələri və rəqəmsal texnologiyalar nə qədər inkişaf etsə də, onların effektivliyi ilk növbədə həmin imkanlardan istifadə edən həkim və tibb heyətinin peşəkarlığından asılıdır.

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial rifahın yüksəldilməsi, insanların həyat keyfiyyətinin yaxşılaşdırılması və humanitar sahələrə diqqətin artırılması istiqamətində həyata keçirilən təşəbbüsləri ardıcıl xarakter daşıyır. Bu siyasətdə insan amilinin, xüsusilə də cəmiyyətin sağlamlığının qorunmasında mühüm rol oynayan tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması xüsusi əhəmiyyət kəsb edir. TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü də məhz bu yanaşmanın növbəti təzahürü kimi qiymətləndirilə bilər.

Burada diqqət çəkən başqa məqam əməkhaqqı artımının bütün tibb işçiləri üçün eyni mexanizmlə həyata keçirilməməsidir. Yeni yanaşmada vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı kimi amillərin nəzərə alınması səhiyyə sisteminin real ehtiyaclarına uyğun daha çevik model formalaşdırmağa imkan verir. Bu, eyni zamanda dövlətin yalnız maaşları artırmaqla kifayətlənmədiyini, əməkhaqqı siyasətini kadr siyasəti ilə əlaqələndirdiyini göstərir.

TƏBİB: Yeni mexanizm 72 212 tibb işçisini əhatə edəcək

TƏBİB-in açıqlamasına görə, yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq ediləcək və qurumun tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. Bu şəxslərin 36 041 nəfərini orta tibb heyəti, 20 367 nəfərini kiçik tibb heyəti, 8 675 nəfərini ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfərini isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri və regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər təşkil edəcək.

İslahat çərçivəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondunun 189 milyon manat artırılması nəzərdə tutulur. Bu rəqəm islahatın miqyasını daha aydın təsəvvür etməyə imkan verir. Söhbət ayrı-ayrı kateqoriyalara aid tibb işçiləri üçün məhdud artımdan deyil, səhiyyə sisteminin əmək resurslarına uzunmüddətli maliyyə təminatının əhəmiyyətli dərəcədə genişləndirilməsindən gedir.

İlkin səhiyyə xidməti göstərən ailə və sahə həkimlərinin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manatadək yüksəldiləcək. Bu, 850 manat və ya 74 faiz artım deməkdir. İlkin səhiyyənin səhiyyə sisteminin vətəndaşa ən yaxın həlqəsi olduğunu nəzərə alsaq, bu dəyişiklik xüsusilə əhəmiyyətlidir. Çünki ailə və sahə həkimləri bir çox hallarda xəstənin səhiyyə sistemi ilə ilk təmas nöqtəsidir.

Təcili tibbi yardım xidmətində çalışan həkimlər üçün də nəzərəçarpacaq artımlar müəyyənləşdirilib. Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkiminin əməkhaqqı 1 550 manatdan 2 200 manatadək artırılacaq. Tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlər üçün isə əməkhaqqının 1 550 manatdan 2 500 manatadək yüksəldilməsi nəzərdə tutulur ki, bu da 950 manat və ya 61 faiz artım deməkdir. 3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı isə 2 100 manatdan 3 000 manatadək çatdırılacaq.

İslahat regionlarda kadr çatışmazlığının aradan qaldırılmasına da xüsusi istiqamət ayırır. Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla digər şəhər və rayonlarda çatışmazlığı daha çox müşahidə edilən ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr tətbiq olunacaq. Beləliklə, regionda çalışmaq qərarına təsir edən əsas iqtisadi amillərdən biri də gücləndirilmiş olacaq.

Bu çərçivədə regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqının 1 450 manatdan 3 000 manatadək artırılması nəzərdə tutulur. Bu, 1 550 manat və ya 107 faiz artımdır. Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manatadək, yəni 950 manat və ya 66 faiz artırılacaq. Hemodializ həkimləri üçün artım 1 450 manatdan 2 250 manatadək olacaq və bu, 800 manat və ya 55 faiz təşkil edəcək.

Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya üzrə çalışan həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manatadək yüksəldiləcək. Bu kateqoriya üzrə artım 700 manat və ya 48 faiz təşkil edir.

Orta və kiçik tibb heyəti də islahatın geniş əhatə dairəsinə daxildir. 36 041 orta tibb işçisinin əməkhaqqının 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqının isə 18 faiz artırılması nəzərdə tutulur. Baş tibb bacılarının məsuliyyəti də ayrıca nəzərə alınaraq diferensial artımlar tətbiq ediləcək. Məsələn, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq əməkhaqqı 1 454 manatdan 2 125 manatadək yüksələcək. Bu, 671 manat və ya 46 faiz artım deməkdir.

Komitə sədrinin müavini: Bu, insan kapitalına qoyulan sərmayədir

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Trend-ə açıqlamasında tibb işçilərinin əməkhaqlarının artırılmasını çox müsbət və eyni zamanda strateji əhəmiyyət daşıyan addım kimi qiymətləndirib.

Deputat bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu islahat yalnız həkimlərin və digər tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması demək deyil. Bu, bütövlükdə səhiyyənin ən qiymətli resursu olan insan kapitalına qoyulan sərmayədir.

R.Mahmudovun sözlərinə görə, əməkhaqqının artırılması, xüsusilə də iş yükü, ixtisas və regionlarda mövcud kadr ehtiyacı nəzərə alınmaqla diferensial yanaşmanın tətbiqi həkimlərin motivasiyasına, peşəkar kadrların sistemdə saxlanmasına və regionlara cəlb edilməsinə müsbət təsir göstərə bilər.

O əlavə edib ki, tibbi xidmətin keyfiyyəti yalnız əməkhaqqından asılı deyil; davamlı tibbi təhsil, düzgün idarəetmə, müasir infrastruktur, iş şəraiti və keyfiyyətə nəzarət də paralel inkişaf etməlidir. Amma tibb işçisinin əməyinin layiqincə qiymətləndirilməsi bütün bu prosesin əsas şərtlərindən biridir.

Millət vəkili qeyd edib ki, bu gün tibb işçisinə edilən investisiya sabah Azərbaycanın ən ucqar regionunda yaşayan vətəndaşın daha keyfiyyətli tibbi xidmət almasına yönəlmiş investisiyadır.

Əməkhaqqı artımının əsas nəticəsi regionlarda hiss oluna bilər

İslahatın ən mühüm tərəflərindən biri onun səhiyyədə mövcud kadr balanssızlığını aradan qaldırmağa yönəlməsidir. Azərbaycanda tibbi xidmətlərin ölkənin bütün ərazisində əlçatan olması yalnız tibb müəssisələrinin mövcudluğu ilə təmin edilə bilməz. Xəstəxananın və ya tibb mərkəzinin fəaliyyət göstərməsi üçün orada müvafiq ixtisas üzrə həkimin olması da vacibdir. Bu baxımdan regionlarda kadr çatışmazlığı olan sahələr üzrə əməkhaqqının daha yüksək səviyyədə müəyyənləşdirilməsi iqtisadi stimulla yanaşı, sosial siyasət aləti kimi də çıxış edir.

Əgər müəyyən ixtisas üzrə mütəxəssisə paytaxtda və regionda eyni maliyyə şərtləri təqdim edilirsə, regiona köçmək və orada işləmək qərarının qəbul edilməsində əlavə motivasiya imkanları məhdudlaşır. Yeni model isə bu fərqi nəzərə alır. Regionlarda çatışmayan ixtisaslara xüsusi əlavələrin tətbiqi və işin nəticəsinə görə əlavə ödənişlərə 1,3 əmsalının tətbiqi həkimlərin həmin ərazilərə cəlb olunmasını stimullaşdırmağa hesablanıb.

Burada söhbət təkcə həkimin regiona getməsindən də getmir. Əsas məqsəd həmin mütəxəssisin orada uzunmüddətli fəaliyyət göstərməsi və yerli əhali üçün davamlı tibbi xidmət formalaşdırmasıdır. Buna görə əməkhaqqı siyasətinin iş şəraiti, peşəkar inkişaf, infrastruktur və müasir tibbi avadanlıqla təminat kimi məsələlərlə paralel aparılması vacibdir. Əməkhaqqı güclü motivasiya vasitəsidir, lakin onun yaratdığı imkanların digər institusional tədbirlərlə tamamlanması daha dayanıqlı nəticə verə bilər.

Digər tərəfdən, ilkin səhiyyə və təcili tibbi yardım üzrə artımlar da xüsusi diqqətə layiqdir. Bu iki istiqamət vətəndaşın səhiyyə sistemi ilə ən çox qarşılaşdığı sahələrdəndir. Ailə və sahə həkimlərinin əməkhaqqının 1 150 manatdan 2 000 manatadək yüksəldilməsi ilkin səhiyyəyə verilən önəmin göstəricisidir. Təcili tibbi yardım həkimləri üzrə 2 200, 2 500 və 3 000 manatadək dəyişən yeni əməkhaqqı səviyyələri isə yüksək məsuliyyət və intensiv iş yükünün nəzərə alındığını göstərir.

Deputat: Yeni mexanizm səhiyyənin gələcək inkişafına hesablanıb

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat İlham Məmmədov mövzunu Trend-ə şərh edərkən bildirib ki, tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı atılan son addım səhiyyənin yalnız bu gününü deyil, gələcək inkişafını da müəyyənləşdirən mühüm qərarlardandır.

Onun sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə irəli sürdüyü təşəbbüsün Prezident İlham Əliyev tərəfindən dəstəklənməsi dövlətin tibb işçisinin əməyinə verdiyi yüksək qiymətin növbəti göstəricisidir.

İ.Məmmədov vurğulayıb ki, yeni yanaşmanın mühüm tərəfi əməkhaqqı artımının vahid formada deyil, vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlardakı kadr ehtiyacı nəzərə alınmaqla müəyyənləşdirilməsidir. Xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya və regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan həkimlərin daha ciddi şəkildə stimullaşdırılması düzgün yanaşmadır.

Deputat bildirib ki, regionlarda çatışmayan ixtisaslar üzrə xüsusi əlavələrə və müəyyən xidmətlərdə nəticəyə əsaslanan ödənişlərə 1,3 əmsalının tətbiqi də bu siyasətin praktik nəticəyə hesablandığını göstərir.

Millət vəkili qeyd edib ki, əslində, bu qərar son illərdə həyata keçirilən sosial siyasətin davamıdır. 2023-cü ildən TƏBİB müəssisələrində maaşların artırılması, 2025-ci ildə minimum əməkhaqqı artımı ilə bağlı növbəti yüksəlişlər və Səhiyyə Nazirliyinin tabeliyindəki körpələr evlərində tarif maaşlarına 1,5-3 dəfə artım əmsallarının tətbiqi bu prosesin ardıcıllığını göstərir.

Keyfiyyət göstəricisinin əməkhaqqına bağlanması yeni yanaşmadır

Yeni əməkhaqqı modelinin diqqətçəkən xüsusiyyətlərindən biri də tibbi xidmətin nəticəsi ilə tibb işçisinin gəliri arasında daha aydın əlaqə yaradılmasıdır. Bu, səhiyyə sistemində mühüm yanaşma dəyişikliyi sayıla bilər. Əməkhaqqı yalnız tutulan vəzifə və iş stajı kimi ənənəvi meyarlarla deyil, göstərilən xidmətin keyfiyyəti və pasiyent məmnunluğu kimi nəticə göstəriciləri ilə də əlaqələndirilir.

Belə mexanizm düzgün tətbiq olunduğu halda tibb işçisinin fəaliyyətində yalnız xidmət sayının deyil, xidmətin keyfiyyətinin ön plana çıxmasına səbəb ola bilər. Pasiyentin tibbi xidmətə münasibəti, həkimlə ünsiyyəti və göstərilən yardımın keyfiyyətindən razılığı artıq daha çox əhəmiyyət qazanır. Bu isə səhiyyə sisteminin daha pasiyentyönümlü qurulmasına xidmət edə bilər.

Ambulator tibbi xidmət göstərən həkimlər üçün hər pasiyentə görə hesablanan mövcud kiçik faiz ödənişlərinin əvəzinə aylıq baxış sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavənin tətbiqi də bu baxımdan diqqət çəkir. Bununla yanaşı, xidmət keyfiyyətinin və pasiyent məmnunluğunun həvəsləndirici ödənişlərdə nəzərə alınması tibbi xidmətin yalnız kəmiyyət deyil, keyfiyyət meyarları əsasında qiymətləndirilməsinə keçidi sürətləndirə bilər.

Əlbəttə, nəticəyə əsaslanan ödəniş mexanizmlərinin səmərəli işləməsi üçün qiymətləndirmə sisteminin obyektivliyi də mühüm əhəmiyyət daşıyır. Tibbi xidmətin keyfiyyəti yalnız pasiyent sayından və ya göstərilən xidmətlərin sayından ibarət deyil. Müxtəlif ixtisasların fəaliyyət xüsusiyyətləri, xəstələrin vəziyyəti, tibbi müdaxilənin mürəkkəbliyi və digər amillər nəzərə alınmalıdır. Bu səbəbdən yeni mexanizmin gələcək tətbiqi zamanı şəffaf və ölçülə bilən qiymətləndirmə meyarlarının formalaşdırılması islahatın nəticələrinə birbaşa təsir göstərəcək.

Orta və kiçik tibb heyətinin də islahatdan kənarda qalmaması xüsusi əhəmiyyət daşıyır. Səhiyyə xidmətinin nəticəsi yalnız həkimin fəaliyyətindən formalaşmır. Tibb bacılarının, feldşerlərin, kiçik tibb heyətinin və digər əməkdaşların gündəlik fəaliyyəti pasiyentin aldığı xidmətin ümumi keyfiyyətinə təsir edir. Bu baxımdan 36 041 orta tibb işçisi və 20 367 kiçik tibb işçisi üçün nəzərdə tutulan artımlar səhiyyə xidmətinin bütöv komanda işi kimi qiymətləndirildiyini göstərir.

Baş tibb bacılarının əməkhaqqının ayrıca diferensiallaşdırılması da bu kontekstdə məntiqli görünür. Çünki onların üzərinə yalnız tibbi prosedurlar deyil, orta və kiçik tibb heyətinin fəaliyyətinin təşkili, sənədləşmə, pasiyent təhlükəsizliyi, infeksiyaya nəzarət və xidmət keyfiyyətinin təmin olunması kimi mühüm funksiyalar düşür. Deməli, əməkhaqqı siyasətində məsuliyyətin səviyyəsinin nəzərə alınması idarəetmənin keyfiyyətinə də təsir edə bilər.

Səhiyyəyə investisiya yalnız bu günün deyil, gələcəyin məsələsidir

Tibb işçilərinin əməkhaqlarının artırılması son illərdə həyata keçirilən sosial siyasətin səhiyyə sahəsində növbəti mərhələsi kimi qiymətləndirilə bilər. 2023-cü ildən TƏBİB tabeliyindəki müəssisələrdə maaşların artırılması, 2025-ci ildə minimum əməkhaqqının yüksəldilməsi ilə əlaqədar növbəti artımlar və Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evlərinin işçilərinin tarif maaşlarına 1,5-3 dəfə artım əmsallarının tətbiqi bu istiqamətdə tədbirlərin ardıcıl xarakter daşıdığını göstərir.

Yeni islahatın miqyası isə onu əvvəlki addımların sadə davamı olmaqdan daha geniş çərçivədə qiymətləndirməyə imkan verir. 72 212 tibb işçisinin əhatə olunması, illik əməkhaqqı fondunun 189 milyon manat artırılması, ayrı-ayrı ixtisaslar üzrə 48, 55, 61, 66, 74 və hətta 107 faizə çatan artımlar səhiyyədə insan resurslarına yönələn maliyyə siyasətinin daha hədəfli xarakter aldığını göstərir.

Əsas məsələ bundan sonra həmin maliyyə resursunun səhiyyə xidmətinin keyfiyyətinə necə çevriləcəyidir. Daha yüksək əməkhaqqı tibb işçisinin sosial rifahını yaxşılaşdırır, lakin islahatın əsl uğuru bununla məhdudlaşmır. Əməkhaqqı artımının peşəkarlığın, məsuliyyətin, xidmət keyfiyyətinin və pasiyent məmnuniyyətinin yüksəlməsi ilə müşayiət olunacağını nəzərə alsaq, bu qərarın ictimai faydasının daha böyük olacacağını demək olar.

Regionlara kadr cəlb olunması da yalnız statistikanın dəyişməsi kimi qiymətləndirilməməlidir. Əgər yeni mexanizm nəticəsində əvvəllər müəyyən ixtisas üzrə mütəxəssis çatışmazlığı yaşayan rayonlarda həmin xidmətlər daha əlçatan olacaqsa, bunun sosial əhəmiyyəti birbaşa vətəndaşın həyatında hiss ediləcək. Xüsusilə uşaq anesteziologiyası, neonatologiya, hemodializ, cərrahi və digər ixtisaslar üzrə regionlarda kadr təminatının yaxşılaşdırılması paytaxtdan asılılığın azalmasına və tibbi xidmətlərdə ərazi bərabərliyinin güclənməsinə xidmət edə bilər.

Nəticə etibarilə, bu addımı tibb işçisinə verilən əlavə maddi təminatdan daha geniş qiymətləndirmək lazımdır. Səhiyyənin əsas sərvəti yalnız xəstəxanalar, tibbi avadanlıqlar və texnologiyalar deyil, həmin sistemi işlədən insanlardır. Həkimin, tibb bacısının və digər tibb işçilərinin əməyinə qoyulan investisiya əslində vətəndaşın sağlamlığına yönəlmiş investisiyadır. Bu baxımdan yeni əməkhaqqı mexanizminin qarşıdakı mərhələdə həm tibb işçisinin sosial rifahını, həm də ölkə üzrə tibbi xidmətin keyfiyyətini yüksəldən nəticələr verməsi qaçılmazdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti