Bakı.Trend:
Süni intellekt artıq niş texnoloji layihə deyil və gələcək artımın və rəqabətə davamlılığın əsas elementinə çevrilir.
Bu barədə KPMG-nin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə sövdələşmələr üzrə məsləhət xidmətləri tərəfdaşı, istehlak malları və sənaye sektorunun rəhbəri Kirill Martınov Trend-ə bildirib.
Onun sözlərinə görə, KPMG-nin araşdırması göstərir ki, pərakəndə ticarət şirkətlərinin rəhbərlərinin 64 faizi generativ süni intellekti (Generative AI) əsas investisiya prioriteti hesab edir.
“Süni intellektə yatırılan investisiyalar səmərəliliyin artırılması və innovasiyaların tətbiqi də daxil olmaqla, müxtəlif vəzifələrin həllinə yönəlib.
Bəzi şirkətlər üçün əsas diqqət məhsuldarlığın artırılmasına və təchizat zəncirinin optimallaşdırılmasına yönəlib. Digərləri, xüsusilə də "luxury" seqmentində fəaliyyət göstərən şirkətlər isə brendin "storytelling"nin inkişafı və hiperfərdiləşdirilmiş təcrübənin təqdim edilməsi üçün süni intellektdən istifadəni nəzərdə tutur. Hamı üçün bu, yeni dəyərin yaradılması alətidir”, - deyə o bildirib.
K.Martınov şirkətlərdə süni intellektin tətbiqi və inkişafının üç mərhələsini qeyd edib. Onlardan birincisi - "Enable" - süni intellektin tətbiqi və məhsuldarlığın artırılmasında ilk nəticələrin əldə edilməsi üçün zəruri bazanın yaradılması ilə bağlıdır.
"Embed" adlanan ikinci mərhələdə süni intellekt iş proseslərinə, məhsullara, xidmətlərə və dəyər yaradılması istiqamətlərinə inteqrasiya olunur.
Üçüncü mərhələ - Evolve - süni intellektdən istifadə etməklə biznes modellərinin və ekosistemlərin dəyişdirilməsini, eləcə də biznesin özünün yenidən nəzərdən keçirilməsini nəzərdə tutur.
K.Martınov qeyd edib ki, uğurun dörd əsas amili zamandan və süni intellektin tətbiqi mərhələsindən asılı olaraq dəyişir: “Bununla belə, hazırda əksər şirkətlər üçün əsas amillər "Path to Value" (dəyərin yaradılmasına aparan yol), "Aligning People" (insanların uyğunlaşdırılması və prosesə cəlb edilməsi), "Enabling Trust" (etimadın təmin edilməsi), həmçinin zəruri məlumatlara və texnologiyalara çıxışdır”.
