Bakı. Trend:
Azərbaycan hərbi qulluqçuları və zabitləri yalnız riyaziyyat, fizika və kimya kimi fundamental elmləri deyil, fəlsəfə, ədəbiyyat və dilçilik sahələrini də bilməli, hərtərəfli biliyə və məntiqi təfəkkürə malik olmalıdırlar.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, hərbi qulluqçulara növbədənkənar hərbi rütbələrin verilməsi ilə bağlı məsələ qanunvericilikdə nəzərdə tutulub. Onun sözlərinə görə, Müdafiə Nazirliyinin xüsusi xidmətləri olan hərbi qulluqçulara növbəti, daha dəqiq desək, növbədənkənar hərbi rütbələr vermək səlahiyyəti var və bu baxımdan problem mövcud deyil.
Z.Əsgərov deputat Siyavuş Novruzovun magistratura, rezidentura və doktoranturada təhsil alan şəxslərə üstünlük verilməsi ilə bağlı təklifinə də münasibət bildirib. O qeyd edib ki, həmin şəxslər fundamental elmlərlə məşğul olduqları üçün onların bilik və təcrübələrinin nəzərə alınması məsələsi müzakirə olunur.
Deputatın sözlərinə görə, riyaziyyat, fizika və kimya fundamental elmlər hesab edilsə də, hərbi qulluqçuların fəlsəfə sahəsində biliklərə və güclü məntiqi təfəkkürə malik olması da vacibdir.
“Hərbi qulluqçunun gözəl məntiqi də olmalıdır. Bu məntiqi isə fəlsəfə verir”, – deyə o bildirib.
Z.Əsgərov əlavə edib ki, hərbi qulluqçular ədəbiyyatı, filologiyanı və dilçiliyi də yaxşı bilməlidirlər.
O, Sovet dövründə orduda mövcud olmuş siyasi məsələlər üzrə komandir müavini vəzifəsini, eləcə də “zampolit” anlayışını xatırladıb. Deputat bildirib ki, həmin dövrdə hərbi hissələrdə siyasi məsələlərə xüsusi diqqət yetirilirdi.
Z.Əsgərov qeyd edib ki, komitə sədri olduğu dövrdə bir neçə hərbi hissəyə müntəzəm səfərlər edib və orada ayrıca kitabxanaların fəaliyyət göstərdiyini müşahidə edib. Həmin kitabxanalarda əsgər və zabitlər bədii ədəbiyyat, fəlsəfə və dilçiliklə bağlı kitablar oxuyurdular.
Deputat hesab edir ki, hərbi qulluqçuların bu sahələrdə biliklər əldə etməsi müsbət haldır və belə yanaşma dəstəklənməlidir.
O, qanunvericilikdə əksini tapan və müzakirə olunan bu yanaşmanın tərəfdarı olduğunu bildirərək vurğulayıb ki, Azərbaycan ordusunun hərbi qulluqçuları, zabitləri və leytenantları hərtərəfli biliyə malik olmalıdırlar.
