Bu 5 ildə nə baş verir ki, qızların nəticələri aşağı düşür? - Emin Əmrullayev

Cəmiyyət Xəbər 22 Oktyabr 2026 15:44 (UTC +04:00)
Bu 5 ildə nə baş verir ki, qızların nəticələri aşağı düşür? - Emin Əmrullayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Qızların təhsilinə yönəldilən hər bir maliyyə vəsaiti cəmiyyətin uzunmüddətli inkişafına qoyulan strateji investisiyadır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə cümə axşamı günü “Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illiyinə və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, son PISA qiymətləndirməsinin nəticələrinə görə, Azərbaycanda ilk dəfə olaraq 15 yaşlı qızların nəticələri oğlanların nəticələrindən az da olsa üstünlük qazanıb.

“Hər iki qrupun nəticələrində ümumi yaxşılaşma müşahidə olunsa da, qızların göstəricilərindəki artım daha qabarıq hiss olunub. Bu hal ölkədə gender balansının qorunması və qızların təhsilinə yönəlik tədbirlərin səmərəliliyinin göstəricisi kimi qiymətləndirilir.

Ümumiyyətlə, demək olar ki, bütün ölkələrdə 4-cü siniflərdə keçirilən oxu PIRLS nəticələrinin təhlilinə baxdıqda qızların nəticələri oğlanlarınkından daha yuxarı olur. Bu, bir qayda olaraq, uzun illərdir ki, bir çox ölkələrdə belədir. Daha sonrakı dövrlərdə biz 15 yaşlı şagirdlərin nəticələrinə baxdıqda, fərqlərin oğlanların xeyrinə dəyişdiyini görürdük. Ən əsas sual ondan ibarətdir ki, bu 5 il ərzində, yəni 10 yaşından 15 yaşına qədər nə baş verir ki, qızların nəticələri aşağı düşür? Təbii ki, səbəbləri qız uşaqlarının ətrafında olan sosial amillər, sosial mühit və daha çox məhdudlaşdırıcı amillərlə izah edilir. Çünki bəlli bir yaşa qədər bərabər imkanlar, daha sonra isə bu imkanların müxtəlif sosial, mədəni və digər səbəblərdən məhdudlaşdırılması güman edilir ki, bu təsirlərin nəticəsində fərqlər müəyyən mənada artır”,- deyə o bildirib.

Nazirin sözlərinə görə, əgər mövcud müsbət tendensiya davam edərsə, gələcək illərdə qızların 35-40 yaş dövründə dövlət və özəl sektorlarda, həmçinin ictimai həyatın müxtəlif idarəedici vəzifələrində qadınların təmsilçiliyi əhəmiyyətli dərəcədə artacaq.

“Bunun üçün isə təhsil sahəsində ardıcıllığın qorunub saxlanılması və qızların təhsil imkanlarının genişləndirilməsi daim diqqət mərkəzində olmalıdır”,- deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti