Bakı. Trend:
Mərkəzi Bank İslam maliyyəsinin baza prinsiplərini özündə əks etdirən, üçü aktiv və ikisi öhdəlik olmaqla beş əsas məhsulu özündə ehtiva edən qanunvericilik paketini hazırlayıb hökumətə göndərib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə cümə axşamı III İslam Maliyyə Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, məqsəd burada bazar iştirakçıları üçün aydın olan qaydaları yaratmaq, hüququn müəyyənliyini təmin etmək, risklərin idarə olunması üçün müvafiq əsasları formalaşdırmaq və istehlakçıların hüquqlarını qorumaqdan ibarətdi.
“Hesab edirik ki, dayanıqlı bazarın formalaşdırılması üçün ən əsas amil doğru, proqnozlaşdırıla bilən və şəffaf qanunvericilik mühitinin formalaşdırılmasından ibarətdir. İkinci prioritetimiz ənənəvi bankçılıqla rəqabət neytrallığının təmin olunmasından ibarətdir. Belə ki, İslam maliyyəsinin inkişafı üçün eyni iqtisadi mahiyyəti daşıyan əməliyyatların yalnız hüquqi və müqavilə formasının fərqliliyinə görө fərqli vergi və ya fərqli rüsumlara cəlb edilməsini doğru hesab etmirik.
Bu səbəbdən vergi və rüsum neytrallığı, müvafiq hüquq prosedurlarının uyğunlaşdırılması və İslam maliyyəsi məhsullarının mövcud maliyyə infrastrukturu ilə uzlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda əmanətlərin və depozitlərin sığortalanması mexanizmi inteqrasiya vacib şərtlərdən biridir",- deyə o bildirib.
Ş.Mahmudzadə əlavə edib ki, İslam maliyyəsi yeni bilik və bacarıqlar tələb edir.
“Burada məsələ ancaq islam bank işindən deyil, eyni zamanda islam hüququ, islam mühasibatlığı, islam maliyyə üzrə risklərin idarə edilməsi üzrə kadr bacarıqlarının artırılmasından keçir. Buna görə də ailə təhsil müəssisələri, peşəkar birliklər, maliyyə institutları və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində kadr hazırlığının gücləndirilməsi əhəmiyyətli prioritetlərdən biridir”,- deyə o vurğulayıb.
