AYİB Orta Dəhlizi nəqliyyat marşrutundan iqtisadi dəhlizə çevirməyə çağırır

İqtisadiyyat Xəbər 21 Oktyabr 2026 14:37 (UTC +04:00)
AYİB Orta Dəhlizi nəqliyyat marşrutundan iqtisadi dəhlizə çevirməyə çağırır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Orta Dəhlizi investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına və regionda özəl sektorun inkişafına töhfə verən iqtisadi dəhlizə çevirmək lazımdır.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı nümayəndəliyinin rəhbəri Natali Muravidze çərşənbə günü keçirilən Aİ-Azərbaycan 2026 Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizin yaratdığı imkanlar təkcə nəqliyyat sahəsi ilə məhdudlaşmır.

“Əsas vəzifə nəqliyyat bağlantılarından istifadə edərək bütün region üzrə investisiyaları cəlb etmək, iş yerləri yaratmaq və özəl sektoru inkişaf etdirməkdir.

İnfrastrukturun inkişafı mühüm istiqamət olaraq qalır. Bununla yanaşı, mövcud darboğazları aradan qaldırmaq və dəhlizin vahid, səmərəli, proqnozlaşdırıla bilən və kommersiya baxımından dayanıqlı sistem kimi fəaliyyətini təmin etmək lazımdır.

Biznes nümayəndələri marşrutun ayrı-ayrı hissələrini nəzərdən keçirmirlər. Onlar üçün bütün marşrut boyunca etibarlılıq, proqnozlaşdırıla bilənlik və xərclər vacibdir”,-deyə Muravidze qeyd edib.

O, Orta Dəhlizin inkişafı üzrə üç əsas prioriteti vurğulayıb. Birinci prioritet limanlar, dəmir yolları, dəniz infrastrukturu və intermodal obyektlər də daxil olmaqla, əsas darboğazların aradan qaldırılmasına yönəlmiş məqsədyönlü investisiyalardır.

İkinci prioritet rəqəmsallaşma və koordinasiyadır. Prosedurların uyğunlaşdırılması, məlumat mübadiləsinin yaxşılaşdırılması, şəffaflığın artırılması və bütün iştirakçılar arasında daha sıx koordinasiyanın təmin edilməsi hesabına səmərəliliyi əhəmiyyətli dərəcədə artırmaq mümkündür.

Üçüncü istiqamət isə nəqliyyat sektorundan kənarda iqtisadi fəaliyyətin inkişafıdır.

“Uğur yalnız dəhliz boyunca və ya regiondan daşınan konteynerlərin sayı ilə ölçülməməlidir. Dəhlizin yaratdığı investisiyaların həcmi, iş yerlərinin sayı və biznes fəallığı da qiymətləndirilməlidir”, – deyə o vurğulayıb.

Muravidze qeyd edib ki, Orta Dəhliz logistika xidmətlərinin inkişafı, anbar güclərinin yaradılması, emal və istehsalın genişləndirilməsi, eləcə də ixracyönümlü müəssisələrin yaradılması üçün imkanlar açır. Bu müəssisələr yerli səviyyədə əlavə dəyərin formalaşmasına və regionun dünya bazarlarına daha dərindən inteqrasiyasına şərait yaradır.

Onun sözlərinə görə, regionda Orta Dəhlizin inkişafına artıq siyasi dəstək mövcuddur və hazırda əsas diqqət getdikcə daha çox nəzərdə tutulan planların həyata keçirilməsinə yönəlir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti