Azərbaycan mədəni müxtəlifliyin qorunmasına və mədəniyyətlərarası dialoqun təşviqinə sadiqdir - Şəhriyar Hacıyev

Siyasət Xəbər 21 Oktyabr 2026 05:20 (UTC +04:00)
Azərbaycan mədəni müxtəlifliyin qorunmasına və mədəniyyətlərarası dialoqun təşviqinə sadiqdir - Şəhriyar Hacıyev
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan mədəni hüquqların qorunmasına, mədəni müxtəlifliyin təşviqinə, tarixi irsin mühafizəsinə və Bakı Prosesi çərçivəsində mədəniyyətlərarası dialoqun gücləndirilməsinə sadiqdir.

Bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının üçüncü komitəsində mədəni hüquqlar sahəsində xüsusi məruzəçi ilə interaktiv dialoq zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev deyib.

"Mədəni hüquqlar universal, bölünməz və qarşılıqlı asılı olan insan hüquqlarının ayrılmaz tərkib hissəsidir. Bu hüquqların təşviqi və qorunması cəmiyyətlərdə müxtəlifliyin qorunması və hər kəsin mədəni həyatda iştirakının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan ayrı-seçkiliyə yol vermədən mədəni hüquqların təmin edilməsinə sadiq olan, multikultural və çoxmillətli cəmiyyətdir. Bu hüquqlar daha geniş insan hüquqları sisteminin ayrılmaz hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq beynəlxalq sazişlər ölkədə bu hüquqların həyata keçirilməsi üçün davamlı təminatlar yaradır.

Mədəniyyət sahəsində dövlət siyasəti mədəni irsin və mədəni sərvətlərin yaradılmasına, aşkar edilməsinə, qorunub saxlanılmasına, inkişaf etdirilməsinə və təşviqinə yönəlib. Hər kəs öz milli və mədəni özünəməxsusluğunu qorumaq, mədəni kimliyini müəyyənləşdirmək, mənəvi, estetik və digər dəyərlərini sərbəst seçmək hüququna malikdir.

Mədəniyyət sosial birliyin təmin edilməsində mühüm rol oynayır. Buna görə də dayanıqlı və möhkəm cəmiyyətlərin qurulması və davamlılığının təmin edilməsi, xüsusilə mədəni müxtəlifliyin təşviqi və ona hörmət edilməsi yolu ilə səmərəli tədbirlərin görülməsi zəruridir. Bəşəriyyətin ümumi irsi olan mədəni müxtəliflik indiki və gələcək nəsillərin mənafeyi naminə tanınmalı və qorunub saxlanılmalıdır.

Əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycan mədəni müxtəlifliyi mübadilə, innovasiya və yaradıcılıq mənbəyi kimi qlobal miqyasda ardıcıl şəkildə təşviq edir. Xüsusilə, Bakı Prosesi çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoqun təşviqi üzrə əsas qlobal platformalardan biri kimi tanınıb.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 7-ci sessiyası gələn həftə, 27–29 oktyabr tarixlərində Azərbaycanın Bakı şəhərində keçiriləcək. Forumun altı əsas məqsədi vardır: dialoqun gücünü bir daha təsdiqləmək, mövcud fikir ayrılıqlarını və parçalanmaları müəyyənləşdirmək və aradan qaldırmaq, körpülər qurmağa yönəlmiş təşəbbüsləri təşviq etmək, ortaq baxış formalaşdırmaq, tərəfdaşlıqları gücləndirmək və gələcək nəsillərin imkanlarını genişləndirmək.

Multikultural cəmiyyət kimi Azərbaycan mənşəyindən və mənsubiyyətindən asılı olmayaraq, öz ərazisində müxtəlif mədəniyyətlərin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə, eləcə də tarixi və mədəni abidələrin mühafizəsinə sadiqliyini bir daha təsdiqləyir", - deyə Şəhriyar Hacıyev çıxışında bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti