Bakı. Trend:
Komplayens sisteminin effektiv qurulması maliyyə institutlarının sanksiya, hüquqi və reputasiya risklərindən qorunması, ölkənin maliyyə sisteminin dayanıqlığının təmin edilməsi və investisiya cəlbediciliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini Azər Abbasov çərşənbə axşamı Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında deyib.
O bildirib ki, tənzimləyici standartların müəyyən edilməsi və onların tətbiqi yalnız dövlət orqanlarının fəaliyyəti ilə məhdudlaşmamalı, bu prosesdə dövlət və özəl sektor arasında əməkdaşlıq da təmin edilməlidir.
Azər Abbasovun sözlərinə görə, komplayens anlayışı xüsusilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində geniş istifadə olunur. Bu sahədə preventiv yanaşma və risklərin əvvəlcədən müəyyənləşdirilməsi beynəlxalq standartların əsas istiqamətlərindəndir.
“Dövlət dayanıqlı və güclü iqtisadiyyatın formalaşmasında, biznes isə gəlirliliyinin və fəaliyyətinin dayanıqlığının təmin edilməsində maraqlıdır. Dövlətin də əsas məqsədlərindən biri düzgün tənzimləmə mexanizmləri vasitəsilə iqtisadiyyatın rəqabət qabiliyyətini və biznesin davamlı inkişafını təmin etməkdir”, - deyə o qeyd edib.
Xidmət rəsmisi vurğulayıb ki, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində preventiv mexanizmlər digər sahələrdən fərqli xüsusiyyətlərə malikdir. Belə ki, bu istiqamətdə dövlət funksiyalarının müəyyən hissəsinin icrasına özəl sektorun nümayəndələri də cəlb olunur.
Onun sözlərinə görə, biznes subyektləri dövlət tərəfindən müəyyən edilmiş standart və qaydalara əməl etməklə yanaşı, öz daxili qaydalarını da formalaşdırmalı və onların icrasını təmin etməlidirlər.
Azər Abbasov bildirib ki, banklar və notariuslar bu sistemdə mühüm rol oynayırlar. Bununla belə, onların əsas vəzifəsi cinayətləri birbaşa araşdırmaq deyil, maliyyə əməliyyatları zamanı riskləri və şübhəli halları müəyyənləşdirmək, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görməkdir.
O qeyd edib ki, Maliyyə Monitorinqi Xidmətinin əsas prioritetlərindən biri bu sahədə baş verən dəyişiklikləri davamlı izləmək, təhlil etmək və müvafiq məlumatları aidiyyəti tərəflərə çatdırmaqdır.
“Bugünkü maliyyə sistemi artıq ayrı-ayrı ölkələrin sərhədləri daxilində fəaliyyət göstərən sistem deyil, qlobal xarakter daşıyır. Pul köçürmələrinin sürəti və maliyyə əlaqələrinin genişlənməsi dövlətlərin öz maliyyə sistemlərinin təhlükəsizliyini və dayanıqlığını qoruması üçün daha ciddi tələblər yaradır”, - deyə o bildirib.
Xidmət rəsmisinin sözlərinə görə, komplayens sistemi bütöv və əhatəli olmalı, maliyyə institutlarını sanksiya, hüquqi və reputasiya risklərindən qorumalıdır. Bu tələblərin pozulması maliyyə institutları üçün ciddi itkilərlə nəticələnə bilər.
O diqqətə çatdırıb ki, kibercinayətkarlıq nəticəsində şəxsin adına qanunsuz kredit rəsmiləşdirilməsi kimi hallarda bankların komplayens tələblərinə əməl etməməsi hüquqi məsuliyyət və maliyyə itkiləri ilə nəticələnə bilər. Bu baxımdan, risklərin vaxtında müəyyənləşdirilməsi və müvafiq nəzarət mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Azər Abbasov vurğulayıb ki, beynəlxalq miqyasda sanksiya rejimləri və komplayens standartları dəyişir, tələblər isə getdikcə sərtləşir.
“Komplayens sistemi banka birbaşa gəlir gətirməyə bilər, lakin potensial itkilərin qarşısını alır. Sanksiyaların məbləğinin artması və hüquqi risklərin yüksəlməsi fonunda komplayens tələblərinə əməl etmək maliyyə institutları üçün mühüm müdafiə mexanizmidir”, - deyə o qeyd edib.
O əlavə edib ki, beynəlxalq standartların yenilənməsi, o cümlədən Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) qarşılıqlı qiymətləndirmə prosesinin növbəti, altıncı raunduna keçid ölkələr üçün yeni tələblər yaradır. Bu proses çərçivəsində ölkələrin komplayens risklərinin qiymətləndirilməsi maliyyə sisteminin etibarlılığına, investisiya cəlbediciliyinə və iqtisadi inkişafına təsir göstərə bilər.
Azər Abbasovun sözlərinə görə, institusional mühitin qiymətləndirilməsi və mövcud mexanizmlərin sınaqdan keçirilməsi də mühüm əhəmiyyət daşıyır. Maliyyə Monitorinqi Xidmətində keçirilən sınaq qiymətləndirmələri ("mock evaluation") zamanı əldə olunan nəticələr aidiyyəti maraqlı tərəflərlə müzakirə edilir və koordinasiya şurasında təqdim olunur.
O bildirib ki, bu cür qiymətləndirmələr mövcud çatışmazlıqların müəyyənləşdirilməsinə, qurumlararası əməkdaşlığın gücləndirilməsinə və beynəlxalq standartlara uyğunluğun artırılmasına imkan verir.
