Bakı. Trend:
Azərbaycanda POS-terminallardan istifadəyə görə tətbiq olunan yüksək komissiya haqları mikro və kiçik sahibkarların nağdsız ödənişlərə marağını azaldır, iqtisadiyyatın şəffaflaşmasına mane olur və istehlak qiymətlərinə təsir göstərir. Bu baxımdan POS-terminal tariflərinin azaldılması, bank komissiyalarının optimallaşdırılması və daxili interçeync sisteminin genişləndirilməsi məqsədəuyğundur.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə axşamı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov komitənin iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, hazırda Azərbaycanda 22 bank, 14 elektron pul təşkilatı və 9 ödəniş təşkilatı fəaliyyət göstərir. 2026-cı ildə iki ödəniş təşkilatına, 2025-ci ildə isə iki elektron pul təşkilatına lisenziya verilib.
Onun sözlərinə görə, 2020-ci illə müqayisədə POS-terminalların sayı 3,2 dəfə artaraq 184,4 minə çatıb. Son beş ildə bu sahədə illik orta artım tempi 26,3 faiz təşkil edib.
V.Bayramov qeyd edib ki, son 10 ildə dövriyyədə olan bank kartlarının sayı hər il orta hesabla 14,8 faiz artıb, ümumilikdə isə 3,8 dəfə çoxalıb. Nəticədə 2026-cı ilin may ayının sonuna dövriyyədəki bank kartlarının sayı 22,8 milyona çatıb.
Bununla belə, deputat elektron əməliyyatların genişləndirilməsi sahəsində bir sıra problemlərin qaldığını diqqətə çatdırıb.
O bildirib ki, ölkədəki POS-terminalların 62,1 faizi Bakı şəhərinin payına düşür. Hazırda Azərbaycanda bir POS-terminala 60 nəfər düşdüyü halda, Gürcüstanda bu göstərici 29, Türkiyədə isə 47 nəfərdir.
Deputatın sözlərinə görə, aktiv vergi ödəyicilərinin əhəmiyyətli hissəsi POS-terminal xidmətlərindən istifadə etmir. Hazırda ölkədə 883 min aktiv vergi ödəyicisi olduğu halda, istifadə olunan POS-terminalların sayı 184,4 min təşkil edir. Beləliklə, POS-terminalların sayı aktiv vergi ödəyicilərinin sayından təxminən beş dəfə azdır.
V.Bayramovun diqqət çəkdiyi digər problem POS-terminallardan istifadəyə görə tariflərin yüksək olmasıdır. O bildirib ki, Azərbaycanda debet və əvvəlcədən ödənişli (prepaid) kartlar üzrə tətbiq olunan interçeync tarifləri də bir sıra region ölkələri ilə müqayisədə yüksəkdir.
Deputatın təqdim etdiyi məlumatlara əsasən, Mastercard sistemində debet və prepaid kartlar üzrə interçeync tarifləri Türkiyədə 0,65 faiz, Qazaxıstanda isə 0,9-1,3 faiz arasında dəyişir. Azərbaycanda isə müvafiq göstərici 1,14-1,73 faiz təşkil edir.
O qeyd edib ki, standart müştəri kartları üzrə tariflər də ölkələr arasında fərqlənir. Azərbaycanda bu tariflər 1,3-1,8 faiz arasında dəyişdiyi halda, Türkiyədə standart tarif 1,32 faiz, Gürcüstanda 1-1,75 faiz, Qazaxıstanda isə 0,9-1,1 faiz təşkil edir.
V.Bayramov vurğulayıb ki, POS-terminal xidmətləri üzrə yüksək komissiya haqları ticarət obyektləri üçün əlavə xərclər yaradır və istehlak qiymətlərinə də təsir göstərir.
Onun sözlərinə görə, bir çox hallarda iri satış obyektləri bu xərcləri mikro və kiçik sahibkarlara təqdim etdikləri sifarişlərin qiymətlərinə daxil edirlər. Nəticədə yüksək komissiyalar mikro və kiçik sahibkarlığın inkişafına da mənfi təsir göstərir. Eyni zamanda, bu xərclər bəzi xidmət və satış obyektlərində plastik kartlardan istifadəyə marağı azaldır.
Deputat bildirib ki, POS-terminal tariflərinin azaldılması iqtisadiyyatın şəffaflaşdırılması baxımından da vacibdir. Hazırda mikro sahibkarlar üçün dövriyyə üzrə 2 faizlik sadələşdirilmiş vergi dərəcəsi tətbiq olunur. Lakin POS-terminallardan istifadəyə görə ümumi tariflər bəzi hallarda bu vergi dərəcəsindən də yüksək olur.
“Bu o deməkdir ki, bir sıra hallarda nağdsız ödənişlərə üstünlük verən və şəffaf işləmək istəyən mikro sahibkar vergidən daha çox POS-terminaldan istifadəyə görə banklara haqq ödəməlidir”, – deyə V.Bayramov qeyd edib.
O bildirib ki, belə vəziyyət mikro sahibkarların nağdsız hesablaşmalara marağını azaldır və POS-terminal tarifləri iqtisadiyyatın şəffaflaşmasına maneəyə çevrilməməlidir.
Bu baxımdan deputat Mərkəzi Bank tərəfindən POS-terminal tariflərinə yenidən baxılmasını və onların aşağı salınmasını məqsədəuyğun hesab edib. Onun sözlərinə görə, yüksək tariflər mikro sahibkarların nağdsız hesablaşmalardan daha geniş istifadə etməsinə mane olur və vergidən yayınma hallarının artmasına şərait yaradır.
V.Bayramov qeyd edib ki, Mərkəzi Bank bu istiqamətdə müəyyən addımlar atsa da, tariflərin optimallaşdırılması üçün daha sistemli tədbirlərə ehtiyac var.
Deputat, həmçinin Mərkəzi Bankın stimullaşdırıcı alətlərdən istifadə etməklə plastik kartlarla əməliyyatlar üzrə komissiya haqlarının azaldılmasına nail olmasının arzuolunan olduğunu bildirib.
O əlavə edib ki, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, Azərbaycanda da daxili interçeync sisteminin genişləndirilməsi bankların tətbiq etdiyi yüksək komissiya haqlarının azaldılmasına kömək edə bilər.
“Bu isə nağdsız hesablaşmaları təşviq etməklə yanaşı, qiymətlərin də azalmasına səbəb ola bilər”, – deyə V.Bayramov bildirib.
