Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və pul bazarı alətlərinin xüsusi çəkisi 33,9%-ə bərabər olub.
Bu barədə ARDNF-nin məlumatında bildirilib.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrünə nisbətən 0,8 faiz bəndi azdır.
Eyni zamanda hesabat dövründə ARDNF-nin investisiya portfelində səhmlərin payı isə 27% təşkil edib ki, bu da illik müqayisədə 1,2 faiz bəndi çoxdur.
Bundan başqa, fondun investisiya portfelində
qızılın payı 32,8%-dən (184,8 ton) 32,3%-ə (178,1 ton) enib.
Hesabat dövründə ARDNF-nin investisiya portfelində daşınmaz əmlak və infrastrukturun payı isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz bəndi artaraq 6,8% təşkil edib.
Hesabat dövrünə ARDNF-nin investisiya portfelinin dəyəri 74,003 milyard ABŞ dolları təşkil edib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,843 milyard ABŞ dolları və ya 5,5% artım deməkdir.
