Bakı.Trend:
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya səfəri etməyi planlaşdırır. Ağ Evin elçisi Norveçin paytaxtı Osloda Vladimir Zelenski ilə məsləhətləşmələr apardıqdan sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə ümid edir
Bu barədə “Axios” portalının və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid mənbələrə istinadən X sosial şəbəkəsində məlumat yayıb.
Onun məlumatına görə, Uitkoff hazırda oktyabrın 20-də Zelenski ilə görüş keçirəcəyi Osloda səfərdədir. Məsləhətləşmələrdə Norveçin Baş naziri Yonas Qar Störe ilə yanaşı, Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın, həmçinin Avropa İttifaqı və NATO rəhbərliyinin nümayəndələrinin iştirakı gözlənilir.
“Görüşün məqsədi Rusiya ilə danışıqların bərpası üçün əsas ola biləcək hərtərəfli təklifin razılaşdırılması prosesini davam etdirməkdir”, – deyə Ravid əlavə edib.
Onun həmsöhbətinin sözlərinə görə, Oslo görüşündən sonra Uitkoff Rusiyaya səfər etməyə və Ukrayna və Avropadakı tərəfdaşlarla birlikdə hazırlanmış təklifləri Putinlə müzakirə etməyə ümid edir.
Ötən həftə ABŞ, Ukrayna və Avropa nümayəndələri bu konsepsiyaların hazırlanması üzərində texniki səviyyədə çalışıblar. Bu təkliflərə Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak etdiyi üçün Rusiyada məhkəmə qərarı ilə həbs olunmuş 72 yaşlı ABŞ vətəndaşı Stefan Hubbardın azad edilməsi də daxildir.
“ABŞ Prezidenti Donald Tramp Ukrayna və Avropanın iştirakı ilə hərtərəfli sülh təklifinin hazırlanması istiqamətində intensiv iş aparılması barədə göstəriş verib. Növbəti addım isə bu işin Rusiya ilə ciddi danışıqlar üçün əsas olub-olmayacağını yoxlamaq olacaq”, – deyə mənbə bildirib.
Qeyd olunur ki, ABŞ liderinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner bu dəfə qrip xəstəliyinə tutulduğu üçün Uitkoffu şəxsən müşayiət etməyəcək. O, məsləhətləşmələrdə distant şəkildə iştirak edəcək.
