Süni intellekt biznesdə yeni komplayens riskləri yaradır - Aytac Qasımova

İqtisadiyyat Xəbər 20 Oktyabr 2026 10:27 (UTC +04:00)
Süni intellekt biznesdə yeni komplayens riskləri yaradır - Aytac Qasımova
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Müasir dövrdə komplayens yalnız qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət funksiyası ilə məhdudlaşmır, həm də biznesin şəffaflığını, dayanıqlığını, etibarlılığını və nüfuzunu qoruyan strateji idarəetmə mexanizmi kimi çıxış edir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “Komplayens Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri, “PAŞA Holding” MMC-nin Hüquq və Dövlət Qurumları ilə Əlaqələr Funksiyasının direktoru Aytac Qasımova bu gün Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında deyib.

Onun sözlərinə görə, komplayens anlayışı zaman keçdikcə əhəmiyyətli dərəcədə inkişaf edib və hazırda biznesin idarə olunmasında mühüm rol oynayır.

“Komplayens uzun bir təkamül yolu keçib. Müasir dövrdə bu anlayış artıq yalnız qanunlara və qaydalara əməl etmək demək deyil. Komplayens eyni zamanda düzgün qərarların qəbul edilməsi, risklərin əvvəlcədən müəyyənləşdirilməsi, etik dəyərlərin qorunması və biznesə olan etimadın gücləndirilməsidir”, - deyə o bildirib.

A.Qasımova qeyd edib ki, son dövrlərdə komplayens sahəsində qarşıya çıxan məsələlər daha mürəkkəb və çoxşaxəli xarakter alıb. İnvestorlar artıq şirkətlərin yalnız maliyyə göstəricilərini deyil, həm də korporativ idarəetmə sistemini, risklərin hansı səviyyədə idarə olunmasını və biznes fəaliyyətinin hansı prinsiplər əsasında həyata keçirilməsini nəzərə alırlar.

O vurğulayıb ki, texnologiyaların sürətli inkişafı biznes mühitini köklü şəkildə dəyişdirir. Rəqəmsallaşma prosesləri, kriptovalyutaların və digər virtual aktivlərin yayılması yeni imkanlarla yanaşı, əlavə risklər də yaradır.

“Bəzən texnologiyaların inkişaf sürəti qanunvericiliyin dəyişmə sürətini üstələyir və bu da müəyyən problemlərə səbəb olur. Hazırda aktual məsələlərdən biri də süni intellektdir. Süni intellektin geniş yayılması və biznes qərarlarının qəbulunda mühüm rol oynaması bir sıra suallar doğurur. Məsələn, süni intellekt vasitəsilə qəbul edilən qərarlara görə kim məsuliyyət daşıyır və bu məsuliyyət qanunvericiliklə nə dərəcədə tənzimlənir?”, - deyə o bildirib.

A.Qasımovanın sözlərinə görə, komplayens sisteminin zəif olması və ya ümumiyyətlə mövcud olmaması şirkətlərdə şəffaflığın təmin edilməsini, effektiv korporativ idarəetmənin qurulmasını və biznes fəaliyyətinin düzgün təşkilini çətinləşdirir. Buna görə də komplayens şirkətlərin fəaliyyətində risklərin idarə olunması və etimadın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

O, həmçinin “Komplayens Assosiasiyası” İctimai Birliyinin məqsədləri və gələcək planları barədə məlumat verib.

Bildirib ki, assosiasiyanın əsas məqsədlərindən biri bu sahədə fəaliyyət göstərən peşəkarları bir araya gətirmək, onların bilik və təcrübə mübadiləsini təşviq etmək, eləcə də Azərbaycanda komplayens mədəniyyətinin formalaşmasına töhfə verməkdir.

A.Qasımova qeyd edib ki, assosiasiya gələcəkdə fəaliyyətini genişləndirməyi, beynəlxalq təcrübənin öyrənilməsinə və yerli biznes mühitində tətbiqinə dəstək göstərməyi planlaşdırır. Bu çərçivədə sahə mütəxəssislərinin daha sıx əməkdaşlıq etməsi və təcrübə mübadiləsi aparması üçün xüsusi platformanın yaradılması da nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti