Bakı.Trend:
İspaniya paytaxtı Madriddə müəllimlərin müddətsiz tətili çərçivəsində təxminən 200 nəfər avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkətini dayandırıb.
Bu barədə “El País” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, aksiya yerli vaxtla saat 08:30-da (Bakı vaxtı ilə 10:30-da) başlayıb. Aksiya iştirakçıları yolun ortasına məktəb partaları və stullar düzüblər. Onlar, həmçinin “Dövlət təhsili satılmır, dövlət təhsili müdafiə olunur!” şüarını səsləndiriblər. Nəticədə yüzlərlə sürücü yolun həmin hissəsində hərəkət edə bilməyib.
Madrid muxtar icmasının dövlət təhsil müəssisələrində çalışan müəllimlərin müddətsiz tətili oktyabrın 14-də başlayıb. Tətil iştirakçıları, digər tələblərlə yanaşı, maliyyələşmənin artırılmasını, siniflərdə şagird sayının azaldılmasını və müəllimlərin əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Bundan əvvəl bölgədə müxtəlif piketlər, nümayişlər və mitinqlər də təşkil olunub.
