Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)

Cəmiyyət Xəbər 17 Oktyabr 2026 20:32 (UTC +04:00)
Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)

Bakı. Trend:

Füzuli Şəhəri Günü çərçivəsində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin böyük zalında Füzuli Dövlət Dram Teatrının “Tıq-tıq xanım” tamaşası nümayiş olunub.

Məşhur Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, səhnələşdirəni Murad Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Vüqar İsmayılovdur. Rejissor assistentləri Gülgəz Soltanova və Murad Mirzəzadədir.

Səhnə əsərində obrazları Xurşud Babayeva (Tıq-tıq xanım), Vüqar Babayev (Çoban), Sahilə Abbasova (Tülkü), Gülnar Quliyeva, Günay Çobanzadə (Pişik) və Vüqar İsmayılov (Siçan) canlandırıblar.

Səhnə işinin süjet xətti Tıq-tıq xanımın özünə dost axtarmaq məqsədilə yola çıxması və bu səyahət zamanı qarşılaşdığı maraqlı hadisələr üzərində qurulub. Qəhrəmanın müxtəlif obrazlarla görüşləri, onların davranışları və baş verən əyləncəli hadisələr uşaqlara dostluğun, səmimiyyətin və qarşılıqlı hörmətin əhəmiyyətini aşılayır.

Ənənəvi xalq nağılının məzmununu qoruyan tamaşada hadisələrin daha dinamik və maraqlı təqdim olunması üçün yeni obrazlardan da istifadə edilib. Musiqi, rəqs, yumoristik səhnələr və şən dialoqlar tamaşanın emosional təsirini artıraraq onun uşaqlar üçün maraqlı və yaddaqalan olmasına xidmət edib.

“Tıq-tıq xanım” tamaşası milli nağıl ənənələrini səhnə vasitəsilə uşaqlara çatdırmaqla yanaşı, onlarda dostluq, xeyirxahlıq və sülhsevərlik kimi dəyərlərin formalaşmasına töhfə verir.

Səhnə əsəri uşaqlar və onların valideynləri tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti