Bakı. Trend:
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma atasının gətirdiyi sovqata baxış zamanı 21 qrama yaxın narkotik və psixotrop maddə aşkar edib.
Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Penitensiar Xidmətin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qadağan olunmuş əşyaların müəssisəyə keçirilməsi cəhdinin qarşısı alınıb.
Belə ki, sovqatda olan idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 16 bükülüdə 13,635 qram heroin, 4,529 qram metamfetamin və 2,825 qram qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Ədliyyə Nazirliyi bir daha vətəndaşların diqqətinə çatdırır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.
