ABŞ-nin Oreqon ştatında ibtidai məktəbdə baş verən atışma nəticəsində azı dörd nəfər ölüb

Dünya xəbərləri Xəbər 16 Oktyabr 2026 02:51 (UTC +04:00)
ABŞ-nin Oreqon ştatında ibtidai məktəbdə baş verən atışma nəticəsində azı dörd nəfər ölüb

Bakı. Trend:

ABŞ-nin qərbində yerləşən Oreqon ştatının Bend şəhərindəki ibtidai məktəbdə oktyabrın 15-də baş verən atışma nəticəsində üçü uşaq olmaqla, dörd nəfər həlak olub.

Polis əməkdaşları hadisə yerinə çatanda atəş açan şəxs artıq “güllələnmişdi”.

Bu barədə polis sözçüsü Şeyla Miller mətbuat konfransında məlumat verib.

“Şübhəli şəxsə atəş açan şəxsin kimliyini hələ təsdiqləyə bilməmişik. Bu, hadisə yerindən keçən təsadüfi bir şəxs ola bilər”, – deyə o əlavə edib.

Millerin sözlərinə görə, təcili tibbi yardım briqadaları “azı iki nəfəri xəstəxanaya çatdırıblar”. “Onların vəziyyətinin necə olduğunu bilmirik”, – deyə o bildirib.

Polis sözçüsünün məlumatına görə, atışma barədə polisə yerli vaxtla saat 13:00 radələrində məlumat verilib və polis əməkdaşları iki dəqiqə sonra hadisə yerinə çatıblar. Yerli KİV-in məlumatına görə, hücumun baş verdiyi “Silver Rail” ibtidai məktəbində 400-dən çox şagird təhsil alır. Polisin bildirdiyinə görə, hazırda məktəbdən təxliyə işləri aparılır.

Məktəbin yerləşdiyi ərazi üzrə təhsil dairəsinin rəhbəri Stiven Kuk yerli icmaya başsağlığı verib.

“Bu mənasız faciə bizi şoka salıb və dərindən kədərləndirib”, – deyə o, bəyanatında yazıb. “Bu zorakılıq aktından zərər çəkən ailələrə və bütün insanlara ən səmimi başsağlığımızı çatdırırıq. İcmamızın yaşadığı kədəri sözlərlə ifadə etmək mümkün deyil”.

Odlu silahlarla törədilən zorakılıq ABŞ-də gündəlik həyatın bir hissəsinə çevrilib. Ölkədə dövriyyədə olan odlu silahların sayı əhalinin sayından çoxdur və inkişaf etmiş ölkələr arasında odlu silahlardan ölüm səviyyəsi ən yüksək göstəricilərdən biridir. Məktəblərdə baş verən kütləvi qətllər ölkədə mütəmadi olaraq böyük sarsıntı və hiddət doğurur.

2022-ci ildə Uvalde şəhərindəki ibtidai məktəbdə törədilən qətliam nəticəsində 19-u uşaq olmaqla, 21 nəfərin öldürülməsi geniş ictimai etiraza səbəb olmuşdu. Universitetlər də nəzərə alınmaqla, ABŞ tarixində təhsil müəssisəsində törədilmiş ən qanlı qətliam 2007-ci ildə Virginia Tech Universitetində baş verib. Həmin vaxt Cənubi Koreyadan olan tələbə Seunq-Hui Ço intihar etməzdən əvvəl 32 nəfəri öldürmüş, daha 17 nəfəri yaralamışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti