Bakı. Trend:
Oktyabrın 15-də Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, Səbail Rayon Prokuroru Natiq Əsədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin rəisi Fərhad Süleymanov, Səbail Rayon Məhkəməsinin sədri Azər Paşayev, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Müşavirə iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbir Ümummili Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Müşavirədə geniş məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələri diqqətə çatdırmışdır. RİH başçısı vurğulamışdır ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra reallaşan bu mötəbər tədbir daxili və xarici siyasətdə bərqərar olan yeni reallıqların tarixi təzahürü olmuşdur. Məruzədə dövlət başçısının nitqində xüsusi qeyd olunan milli həmrəyliyin gücləndirilməsi, ordu quruculuğu, təhlükəsizlik tədbirlərinin və xarici təhdidlərə qarşı ideoloji dayanıqlığın ən yüksək səviyyədə təmin edilməsi məsələləri geniş şəkildə nəzərdən keçirilmişdir. RİH başçısı postmünaqişə dövrünün tələblərinə uyğun olaraq, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun sürətli reabilitasiyası, "Böyük Qayıdış" proqramı çərçivəsində qarşıya qoyulan genişmiqyaslı hədəflər və ölkəmizin dayanıqlı iqtisadi tərəqqisi barədə məlumat vermişdir. Vurğulanmışdır ki, bu qlobal layihələrin və yerlərdə əhalinin rifah halının yaxşılaşdırılmasını hədəfləyən sosial-iqtisadi islahatların rayonda uğurlu icrası idarəetmə orqanlarının fəaliyyətinin ana xəttini təşkil edir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının tarixi əhəmiyyətindən bəhs edərək, partiyanın Ümummilli Lider Heydər Əliyevin ideoloji xətti üzərində qurulduğunu və bu gün regionun ən böyük siyasi qüvvəsi olduğunu vurğulamışlar. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi nailiyyətlərin və suverenliyin möhkəmləndirilməsi istiqamətindəki addımların xalq tərəfindən yekdilliklə dəstəkləndiyini qeyd etmişlər.
Müzakirələrdə qurultaydan irəli gələn ideoloji çağırışların yerlərdə geniş təbliğ olunmasının, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin və xarici ziyanlı təbliğatlara qarşı cəmiyyətdə ayıq-sayıqlığın artırılmasının zəruriliyi ifadə olunmuşdur. Sonda müzakirə iştirakçıları qurultayın qərarlarından irəli gələn bütün vəzifələrin rayon səviyyəsində vaxtında və keyfiyyətlə icra edilməsi üçün öz səylərini əsirgəməyəcəklərini bildirmişdilər.