Sahibə Qafarova Belarus parlamentinin palata sədri ilə əməkdaşlığın inkişafını müzakirə edib

Siyasət Press-reliz 15 Oktyabr 2026 14:23 (UTC +04:00)
Sahibə Qafarova Belarus parlamentinin palata sədri ilə əməkdaşlığın inkişafını müzakirə edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq münasibətləri, o cümlədən parlamentlərarası əlaqələrin genişləndirilməsi məsələləri Milli Məclisin sədri Sahibə Qafarova ilə Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko arasında keçirilən görüşdə müzakirə olunub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş oktyabrın 15-də İqor Sergeyenko Azərbaycana səfəri çərçivəsində baş tutub.

Söhbət zamanı Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etməsi və təşkilata uğurlu sədrliyi vurğulanıb.

Görüşdə iki ölkə arasında münasibətlərin səmimi dostluq, konstruktiv dialoq, qarşılıqlı etimad və dəstək əsasında bütün istiqamətlər üzrə ardıcıl genişləndiyi, strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub. Tərəflər əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçıları arasındakı dostluq münasibətlərinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin rolunu xüsusi vurğulayıblar.

Həmçinin Azərbaycan və Belarusun beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etdiyi, beynəlxalq platformalarda bir sıra məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiyi bildirilib.

Parlamentlərarası əlaqələrin də ölkələr arasındakı münasibətlərin hazırkı səviyyəsinə uyğun inkişaf etməsindən məmnunluq ifadə olunub. Sahibə Qafarova 2024-cü ilin iyununda Belarusa rəsmi səfərini və keçirdiyi görüşləri xatırladıb. O, Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın və Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonun Azərbaycana səfərlərinə də toxunub.

Milli Məclisin sədri qeyd edib ki, parlament rəhbərləri səviyyəsində həyata keçirilən səfərlər və görüşlər qanunvericilik orqanları arasında əlaqələrin mövcud səviyyəsinin göstəricisidir.

Bildirilib ki, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları müntəzəm təmas saxlayır, deputatlar Azərbaycanda və Belarusda təşkil olunan tədbirlərdə qarşılıqlı iştirak edirlər.

Görüşdə qanunvericilik orqanlarının Parlamentlərarası İttifaq, MDB Parlament Assambleyası və Asiya Parlament Assambleyası kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da qeyd olunub, bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti