Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) istehlak kreditləri ilə bağlı tətbiq etdiyi tənzimləyici tədbirlərin əsas məqsədi vətəndaşların həddindən artıq borclanmasının qarşısını almaq və götürdükləri kreditlərin gəlirlərinə uyğun olmasını təmin etməkdir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə cümə axşamı Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, istehlak kreditləri ilə bağlı tələblər vətəndaşların maliyyə maraqlarını qorumağa və onların ödəmə qabiliyyətini nəzərə almadan kredit götürməsinin qarşısını almağa xidmət edir.
“Bizim məqsədimiz odur ki, insanlar ehtiyaclarından artıq borclanmasınlar. Tətbiq etdiyimiz tələblər, o cümlədən borcun gəlirə nisbətinin 70 faizdən yuxarı olduğu hallarda kreditləşmənin məhdudlaşdırılması, istehlak kreditlərinin xarici valyutada verilməsinə qoyulan məhdudiyyətlər, kredit kartları üzrə əlavə kapital tələbləri və digər tədbirlər eyni məqsədə xidmət edir. İnsanlar ehtiyac duymadıqları kreditləri götürməməlidirlər. Kredit götürdükdə isə onun məbləği gəlirlərinə uyğun olmalıdır”, - deyə o qeyd edib.
AMB rəsmisinin sözlərinə görə, yeni tənzimləyici tədbirlər çərçivəsində özünə kredit götürməyi məhdudlaşdırma mexanizmi və onlayn kreditləşmə ilə bağlı tətbiq edilən qaydalar da vətəndaşların maliyyə risklərinin azaldılmasına yönəlib.
Ş.Mahmudzadə qeyd edib ki, bank kreditləşməsinə tələblərin sərtləşdirilməsi borclanmaq istəyən bəzi şəxslərin alternativ maliyyələşmə mənbələrinə, o cümlədən lombardlara və qeyri-rəsmi kredit kanallarına üz tutması riskini yarada bilər.
“Əgər şəxs bankdan kredit götürə bilmirsə, başqa maliyyələşmə mənbələrinə, o cümlədən lombardlara müraciət edə bilər. Daha sonra isə qeyri-rəsmi kanallara üz tutmaq ehtimalı yaranır. Bank sektorunda tələblərin sərtləşdirilməsinin belə bir nəticəsi ola bilər. Buna görə də tənzimləyici tədbirlərin təsirlərini bütövlükdə qiymətləndirmək vacibdir”, - deyə o bildirib.
O əlavə edib ki, AMB istehlak kreditləri bazarına dair qaydaları hazırlayarkən yalnız bank sektorundakı vəziyyəti deyil, bu tələblərin vətəndaşların borclanma davranışına mümkün təsirlərini də nəzərə alır.
Baş direktorun sözlərinə görə, tənzimləmənin məqsədi istehlak kreditlərini tamamilə əlçatmaz etmək deyil, vətəndaşları maliyyə baxımından düşünülməmiş qərarlardan qorumaqdır. Eyni zamanda, cəmiyyətdə məsuliyyətli borclanma mədəniyyətinin formalaşması da mühüm əhəmiyyət daşıyır.
“Biz bu qaydaları ona görə tətbiq edirik ki, insanlar zəruri olmayan xərclərdən çəkinsinlər, istehlaklarını əlavə borc hesabına artırmasınlar. Bəzi xərclər əlavə dəyər yaratmır, lakin insanın borc yükünü artırır. Məqsədimiz insanların bu dəyişikliklərin mahiyyətini anlaması və həddindən artıq borclanmanın ilk növbədə onların özlərinə zərər vurduğunu dərk etməsidir”, - deyə Ş.Mahmudzadə vurğulayıb.
O bildirib ki, tənzimləyici qaydalar vətəndaşların maliyyə risklərini azaltmağa kömək etsə də, məsuliyyətli maliyyə davranışının formalaşması üçün insanların özlərinin də xərclərini və borclanma ehtiyaclarını düzgün qiymətləndirməsi vacibdir.
“Biz öz qaydalarımızla insanları müəyyən dərəcədə qoruya bilərik. Amma hər bir şəxs özü də zəruri olmayan xərclərdən və əlavə borclanmadan çəkinməklə öz maliyyə vəziyyətini qorumalıdır”, - deyə AMB-nin baş direktoru əlavə edib.
Ş.Mahmudzadə, həmçinin qeyri-rəsmi borclanma ilə bağlı statistikaya toxunaraq bildirib ki, bu sahədə artımın olub-olmaması barədə dəqiq fikir söyləmək çətindir. Çünki belə əməliyyatlar üzrə rəsmi statistika və müvafiq hesabatlılıq mövcud deyil. Buna görə də qeyri-rəsmi kreditləşmənin həcminin artdığını və ya azaldığını təsdiqləmək mümkün deyil.
