Bakı. Trend:
“Aqrar Süni İntellekt” layihəsində ölkədəki 180 iqlim stansiyasından mütəmadi əldə olunan məlumatlardan, peyk və dron görüntülərindən, həmçinin torpaq nəmliyi sensorlarının göstəricilərindən istifadə edilir.
Trend-in müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova cümə axşamı “Aqrar Süni İntellekt” layihəsinin icra vəziyyəti və aqrar sahədə tətbiq olunan texnoloji yeniliklərə dair mətbuat konfransında deyib.
Nazir müavini bildirib ki, layihənin məlumat bazası müxtəlif mənbələr hesabına formalaşdırılır:
“Dövri olaraq çəkilən peyk şəkilləri təhlil edilir. Zərurət yarandıqda dronlarla çəkilən görüntülərin təhlili aparılır, sahələrdə məlumatların dəqiqləşdirilməsi üçün yoxlamalar həyata keçirilir. Ölkədəki 180 iqlim stansiyasından mütəmadi məlumatlar əldə olunur. Artıq müəyyən sayda torpaq nəmliyi sensorları da yerləşdirilib və onlardan davamlı məlumat alınır”.
İ.Qədimovanın sözlərinə görə, torpaqların aqrokimyəvi analizlərinin nəticələri də süni intellekt həllərinin hazırlanmasında istifadə olunan mənbələr sırasındadır:
“Torpaqların koordinatları müəyyənləşdirilməklə analizlər aparılır və nəticələr sistemlərə daxil edilir. Həmin aqrokimyəvi analizlər torpaqların vəziyyəti ilə bağlı informasiya verən məlumat mənbəyidir”.
O qeyd edib ki, fermerlərin təqdim etdikləri məlumatlar da layihənin tərkib hissəsidir:
“Fermerlər əkin və heyvandarlıq fəaliyyəti ilə bağlı məlumatları bəyan edirlər. Həm bir neçə il ərzində toplanmış məlumatlar, həm də dövri olaraq təqdim olunan yeni məlumatlar süni intellekt layihəsinin mənbələrindən hesab olunur”.
Nazir müavini əlavə edib ki, sistemlərə aqrar sahədə elmi ədəbiyyatda əksini tapan qaydalarla yanaşı, Azərbaycanın regionlarına xas məlumatlar da daxil edilir.
