Xarici bazarlarda rəqabətə davamlı olmağın yolu rəqabətli daxili bazardan keçir - Azər Əmiraslanov

İqtisadiyyat Xəbər 14 Oktyabr 2026 13:27 (UTC +04:00)
Xarici bazarlarda rəqabətə davamlı olmağın yolu rəqabətli daxili bazardan keçir - Azər Əmiraslanov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan şirkətlərinin xarici bazarlarda rəqabətə davamlı olması üçün daxili bazarda rəqabət şəraitinin tam yaradılması vacibdir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çərşənbə günü Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən III Milli Rəqabət Forumunda deyib.

O bildirib ki, Azərbaycanın daxili bazarının məhdudluğu iqtisadi subyektlərin inkişafı üçün xarici bazarlara çıxışı zəruri edir. Həmin bazarlarda isə rəqabət şərtləri getdikcə kəskinləşir.

“Xarici bazarlarda rəqabətə davamlı olmağın yolu ilk növbədə rəqabətli daxili bazardan keçir. Yerli istehsalçılarımızın rəqabət gücünün artırılması milli iqtisadi mühitdə rəqabət şərtlərinin tam yaradılmasını tələb edir”, – deyə komitə sədri vurğulayıb.

A.Əmiraslanov qeyd edib ki, sağlam rəqabət mühitinin yaradılması strateji zərurətə çevrilib. Bu mühit dayanıqlı, məhsuldar və səmərəli milli iqtisadiyyatın qurulmasına, investisiyaların cəlbinə və sahibkarlıq potensialının reallaşmasına töhfə verir.

Onun sözlərinə görə, beynəlxalq investisiya forumlarının təşkili, investorların ölkəyə dəvət edilməsi, dövlət-özəl tərəfdaşlığı və təşviq mexanizmlərinin tətbiqi, logistika infrastrukturunun qurulması yerli iqtisadi subyektlərin dəstəklənməsinə xidmət edir. Dövlət dəstəyi isə şirkətləri daha məsuliyyətli olmağa sövq etməlidir.

Komitə sədri vurğulayıb ki, rəqabət mühiti çoxşaxəli və sistemli fəaliyyət nəticəsində formalaşır. Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planının təsdiqi də bu yanaşma ilə bağlıdır.

“Bazar iqtisadiyyatı şəraitində necə gəldi rəqabət aparmaq olmaz. Rəqabət ədalətli və reqlamentli olmalıdır. Rəqabət Məcəlləsinin qəbul edilməsi də məhz bu məqsədə xidmət edir”, – deyə A.Əmiraslanov bildirib.

O əlavə edib ki, rəqabətin hüquqi bazasının təkmilləşdirilməsi davamlı olmalıdır və bu istiqamətdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əməkdaşlıq davam etdiriləcək.

A.Əmiraslanov sağlam rəqabət mühitinin inkişafı üçün dövlət, sahibkar, vətəndaş və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini də vurğulayıb.

Qeyd edək ki, Bakıda III Milli Rəqabət Forumu keçirilir.

Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumları, müstəqil ekspertlər və özəl sektorun təmsilçiləri iştirak edirlər.

Ölkədə rəqabət siyasətinin aktual məsələlərinin müzakirəsi məqsədilə keçirilən III Milli Rəqabət Forumu rəqabət mühitinin inkişafına dair prioritet istiqamətlərin müzakirəsi və bu sahədə qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması, Milli Fəaliyyət Planının müəyyən etdiyi strateji hədəflərin təşviqi baxımından mühüm platforma rolunu oynayacaq.

Əlavə edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın prioritet istiqamətlərini rəqabətin inkişafı üzrə tənzimləmə və qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi, rəqabət sahəsində elmi-analitik potensialın və rəqabət mədəniyyətinin inkişaf etdirilməsi, habelə əməkdaşlığın və institusional imkanların gücləndirilməsi təşkil edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti