Bakı. Trend:
2026-cı ilin birinci yarısında Azərbaycanda sığorta sektorunun məcmu kapitalı 312 milyon manat, tələb olunan kapital isə 205 milyon manat təşkil edib. Beləliklə, sektorun kapital mövqeyi prudensial tələbləri üstələyib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilib.
Hesabat dövründə Azərbaycanda 15 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərib. Sığorta şirkətlərindən beşi həyat, 10-u isə qeyri-həyat sığortası üzrə xidmət göstərib. Sektorun fəaliyyəti 23 sığorta brokeri və 459 sığorta agenti vasitəsilə də təmin olunub.
2026-cı ilin ilk altı ayında sığorta haqlarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz və ya 51 milyon manat artaraq 867 milyon manata çatıb. Yığımların 60 faizi həyat, 40 faizi isə qeyri-həyat sığortasının payına düşüb.
Həyat sığortası üzrə yığımlar 8,8 faiz və ya 42 milyon manat artaraq 516 milyon manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 2,6 faiz və ya 9 milyon manat artaraq 351 milyon manat təşkil edib. Hər iki istiqamətdə artımın əsas mənbəyi könüllü sığorta növləri olub.
İcbari sığorta növləri üzrə yığımlar 23 faiz və ya 45 milyon manat azalaraq 150 milyon manata düşüb. Bunun əksinə, həyat sığortasının könüllü növləri üzrə yığımlar 14 faiz və ya 61 milyon manat artaraq 483 milyon manata, qeyri-həyat sığortasının könüllü növləri üzrə yığımlar isə 17 faiz və ya 35 milyon manat artaraq 235 milyon manata çatıb.
Sığorta bazarında yüksək təmərküzləşmə davam edib. Hesabat dövrünün sonuna həyat sığortası üzrə Herfindal-Hirşman indeksi (HHİ) 119 vahid azalaraq 6 822, qeyri-həyat sığortası üzrə isə 593 vahid artaraq 3 813 olub.
Təkrarsığortaya ötürülən sığorta haqları da artıb. Belə ki, bu haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz və ya 14 milyon manat artaraq 74 milyon manata çatıb. Onların ümumi sığorta haqlarında payı 8,6 faiz təşkil edib. Təkrarsığortaya ötürülən haqların 4,9 faizi və ya 3,6 milyon manatı həyat, 95,1 faizi və ya 70,7 milyon manatı isə qeyri-həyat sığortasının payına düşüb.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi də əhəmiyyətli dərəcədə yüksəlib. Ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz və ya 118 milyon manat artaraq 550 milyon manata çatıb. Bunun 402 milyon manatı həyat, 148 milyon manatı isə qeyri-həyat sığortası üzrə ödənişlər olub. Həyat sığortası üzrə ödənişlər 32,5 faiz, qeyri-həyat sığortası üzrə isə 14,5 faiz artıb.
Sığorta sektorunun aktivləri ilin ilk yarısında 5,8 faiz və ya 123 milyon manat artaraq 2,26 milyard manata çatıb. Aktivlərin 37 faizini bank vəsaitləri, 31 faizini dövlət qiymətli kağızları, 7 faizini qeyri-dövlət qiymətli kağızları, 10 faizini debitor borclar, 14 faizini isə digər aktivlər təşkil edib. Sektorun öhdəlikləri 10 faiz və ya 151 milyon manat artaraq 1,65 milyard manata yüksəlib. Öhdəliklərin 68 faizi sığorta haqları ehtiyatlarının, 23 faizi sığorta hadisələri üzrə ehtiyatların, 9 faizi isə digər öhdəliklərin payına düşüb.
Sığorta şirkətlərinin investisiya portfeli ötən ilin sonu ilə müqayisədə 9,7 faiz və ya 140 milyon manat artaraq 1,6 milyard manat olub. İnvestisiyalar əsasən dövlət və korporativ qiymətli kağızlardan, eləcə də bank depozitlərindən ibarətdir. İnvestisiya portfelinin həyat sığortası şirkətlərinin aktivlərində payı 76 faiz, qeyri-həyat sığortası şirkətlərinin aktivlərində isə 64 faiz təşkil edib.
Sığorta sektorunun likvidlik göstəriciləri də hesabatda əksini tapıb. 2026-cı ilin birinci yarısının sonuna sektorun yüksək likvidli aktivləri 1,2 milyard manat, gözlənilən nağd ödənişləri 793 milyon manat, gözlənilən nağd daxilolmaları isə 301 milyon manat olub. Sektorun likvidlik əmsalı (ILR) 237 faiz təşkil edib. Həyat sığortası üzrə bu göstərici 206 faiz, qeyri-həyat sığortası üzrə isə 315 faiz olub.
Sığorta haqları üzrə debitor borcları ilin əvvəlindən 9 faiz və ya 11,6 milyon manat artaraq 140 milyon manata çatıb. Həyat sığortası üzrə debitor borcları 6,1 faiz azalaraq 48,5 milyon manat, qeyri-həyat sığortası üzrə isə 19,2 faiz artaraq 91,6 milyon manat təşkil edib. Debitor borcların sektorun ümumi aktivlərində payı 6,9 faiz olub.
2026-cı ilin ilk yarısında sığorta sektorunun xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz və ya 10 milyon manat artaraq 90 milyon manata çatıb. Həm həyat, həm də qeyri-həyat sığortası şirkətlərinin mənfəəti 45 milyon manat təşkil edib.
Bununla yanaşı, sektorun zərərlilik dərəcəsi 4 faiz bəndi artaraq 89 faizə yüksəlib. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yekun zərərlilik dərəcəsi 6 faiz bəndi artaraq 115 faizə, avtonəqliyyat vasitələrinin sığortası üzrə isə 2 faiz bəndi artaraq 87 faizə çatıb.
Hesabatda qeyd olunub ki, dividend ödənişləri nəzərə alınmaqla, sığorta sektorunun məcmu kapitalı ötən ilin sonu ilə müqayisədə 69 milyon manat azalaraq 312 milyon manat olub. Tələb olunan kapital isə 1 milyon manat artaraq 205 milyon manata çatıb. Buna baxmayaraq, sektorun məcmu kapitalı tələb olunan kapital səviyyəsini üstələyib.
