Bakı. Trend:
Oktyabrın 14-dən Novxanı–Pirşağı istiqamətində diametri 1000 və 1400 millimetr olan kanalizasiya kollektorunun tikintisinə başlanılacaq.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, işlər 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi üzrə həyata keçirilir.
Layihə çərçivəsində ümumi uzunluğu 32 kilometr olan kollektor və yeni nasos stansiyası inşa ediləcək. Bununla Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi, Savxoz, Fatmayı Bağlar və Kürdəxanı qəsəbələrində tullantı sularının idarə edilməsinə imkan yaranacaq.
Layihənin icrası hövzə daxilindəki qəsəbələrdə subasma hallarının qarşısının alınmasına, Kürdəxanı və Zabrat göllərində, həmçinin sahilboyu zonada ekoloji tarazlığın bərpasına xidmət edəcək.
Qeyd olunub ki, hazırda Bakı şəhəri və Abşeron rayonu ərazisində digər kanalizasiya kollektorlarının və tullantı sutəmizləyici qurğuların tikintisi də mərhələli şəkildə həyata keçirilir. Bu layihələr tullantı sularının idarə edilməsini və ekoloji vəziyyəti yaxşılaşdırmağa, intensiv yağışlar zamanı subasma hallarının qarşısını almağa imkan yaradacaq.
