Bakı. Trend:
Azərbaycanda banklarla maliyyə texnologiyaları (fintex) şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, açıq bankçılığın inkişafı və ani ödənişlər sistemindən istifadənin artırılması rəqəmsal maliyyə xidmətlərinin inkişafında əsas istiqamətlərdəndir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev çərşənbə axşamı “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı”nda deyib.
O bildirib ki, bankların, fintex şirkətlərinin və tənzimləyici qurumların bir araya gəlməsi sektorun inkişafı üçün mövcud imkanların konkret biznes əlaqələrinə və birgə layihələrə çevrilməsinə şərait yaradır. Türk dövlətlərindən olan tərəfdaşların bu prosesdə iştirakı isə əməkdaşlığın regional miqyasda genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Z.Nuriyevin sözlərinə görə, Azərbaycanda nağdsız ödənişlərin həcminin artması tendensiyası 2025-ci ildə olduğu kimi, 2026-cı ildə də davam edir. 2026-cı ildə aparılan hesablamalara əsasən, nağdsız ödənişlərin həcmi 53,1 milyard manata çataraq əvvəlki rekord göstəriciləri yeniləyib.
ABA prezidenti qeyd edib ki, nağdsız ödənişlərin genişlənməsi iqtisadi fəallığın artmasına, hesablaşmaların daha səmərəli həyata keçirilməsinə və müasir maliyyə xidmətlərinin əlçatanlığının yüksəlməsinə töhfə verir.
“İqtisadiyyatın inkişafında, xüsusilə nağdsız ödənişlər sahəsində bankların və fintex şirkətlərinin gördüyü iş mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə olunan nəticələrin davamlı olması üçün bazarın bütün iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsi vacibdir”, - deyə o vurğulayıb.
Z.Nuriyev bildirib ki, rəqəmsal ödənişlərin inkişafının növbəti
mərhələsində ani ödənişlər sistemi və digər müasir ödəniş
həllərindən istifadənin genişləndirilməsi əsas hədəflərdəndir:
"Bununla yanaşı, açıq bankçılığın inkişafı və banklarla fintex
şirkətləri arasında texnoloji əməkdaşlığın dərinləşdirilməsi də
prioritet istiqamətlər sırasındadır.
Bankların mövcud infrastrukturu və geniş müştəri bazası ilə fintex
şirkətlərinin texnoloji imkanlarının birləşdirilməsi yeni məhsul və
xidmətlərin yaradılmasına imkan verə bilər. Bu, vətəndaşların
maliyyə xidmətlərindən daha rahat istifadə etməsinə, sahibkarların
isə ödənişləri daha əlverişli şərtlərlə qəbul etməsinə şərait
yaradar".
ABA prezidenti əlavə edib ki, rəqəmsal maliyyə xidmətlərinin inkişafı zamanı təhlükəsizlik məsələləri də xüsusi diqqətdə saxlanılmalıdır. Yeni texnologiyaların tətbiqi ilə innovasiya risklərinin idarə olunması arasında tarazlığın qorunması sektorun dayanıqlı inkişafı üçün vacibdir.
“Rəqəmsal xidmətlərə etimadın təmin olunması üçün təhlükəsizlik əsas şərtlərdəndir. Yeni texnologiyaların tətbiqi ilə yanaşı, müştəri məlumatlarının qorunması, risklərin düzgün idarə edilməsi və əhalinin maliyyə xidmətlərindən təhlükəsiz istifadə ilə bağlı maarifləndirilməsi də mühüm əhəmiyyət daşıyır”, - deyə Z.Nuriyev qeyd edib.
O vurğulayıb ki, banklar, fintex şirkətləri və tənzimləyici qurumlar arasında əməkdaşlığın gücləndirilməsi rəqəmsal ödənişlərin yayılmasına, maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və nağdsız hesablaşmaların daha da genişlənməsinə xidmət edəcək.
