Azərbaycanda fintex şirkətlərinin fəaliyyət imkanları genişləndiriləcək - Vüsal Xəlilov

Maliyyə Xəbər 13 Oktyabr 2026 10:44 (UTC +04:00)
Azərbaycanda fintex şirkətlərinin fəaliyyət imkanları genişləndiriləcək - Vüsal Xəlilov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fintex (maliyyə texnologiyaları) şirkətlərinin fəaliyyət imkanlarının genişləndirilməsi və təqdim etdikləri xidmətlərin çeşidinin artırılması məqsədilə yeni qanunvericilik və normativ dəyişikliklərin yaxın zamanda təqdim edilməsi nəzərdə tutulur.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov çərşənbə axşamı “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı”nda deyib.

O bildirib ki, Azərbaycanda fintex sektorunun inkişafı bir neçə mərhələdən keçib və hazırda əsas məqsəd bazarın inkişafını sürətləndirmək, maliyyə xidmətlərinin əhatə dairəsini genişləndirmək və sektorda innovasiyaların tətbiqini təşviq etməkdir.

V.Xəlilovun sözlərinə görə, fintex sektorunun inkişafının ilk mərhələsində, 2023–2024-cü illərə qədər olan dövrdə bazar əsasən tənzimləyici çərçivənin məhdud olduğu şəraitdə formalaşıb. Bu müddətdə müxtəlif şirkətlər yaranıb, yeni məhsul və xidmətlər təqdim ediblər.

2024–2026-cı illəri əhatə edən ikinci mərhələdə isə sektorun institusional inkişafı istiqamətində mühüm addımlar atılıb. Mərkəzi Bank tərəfindən ödəniş xidmətləri sahəsində qanunvericilik bazası formalaşdırılıb, müvafiq qaydalar qəbul edilib və nəzarət mexanizmləri gücləndirilib.

“Hazırda qarşımızda duran əsas məqsəd əvvəlki mərhələlərdə əldə olunan nəticələr əsasında fintex sektorunun daha sürətli inkişafını təmin etməkdir. Bunun üçün qanunvericiliyin təkmilləşdirilməsi, bazar iştirakçılarının fəaliyyət imkanlarının genişləndirilməsi və yeni xidmətlərin inkişafı istiqamətində işlər aparılır”, - deyə sədr müavini qeyd edib.

O vurğulayıb ki, qanunvericilik bazasının təkmilləşdirilməsi sektorun inkişafı üçün əsas istiqamətlərdən biridir. Bu çərçivədə fintex sahəsində fəaliyyət göstərən assosiasiyalar, o cümlədən AzFina (Azərbaycan Fintex Assosiasiyası) ilə əməkdaşlıq edilir, bazar iştirakçılarının təklifləri və praktiki təcrübəsi nəzərə alınır.

“Yaxın zamanda fintex şirkətlərinin fəaliyyət imkanlarını və təqdim etdikləri xidmətlərin çeşidini genişləndirəcək yeni qanunvericilik və normativ dəyişikliklərin təqdim olunması gözlənilir”, - deyə V.Xəlilov bildirib.

Mərkəzi Bank sədrinin müavini rəqəmsal transformasiya və süni intellektin tətbiqini də fintex sektorunun inkişafında mühüm istiqamətlər kimi qeyd edib. Onun sözlərinə görə, bu texnologiyaların maliyyə sektorunda tətbiqi xidmətlərin təkmilləşdirilməsi və innovativ həllərin inkişafı baxımından əhəmiyyətlidir.

V.Xəlilov əlavə edib ki, Mərkəzi Bank sektorun inkişafını dəstəkləmək məqsədilə texniki və rəqəmsal həllər üzərində də işləyir. Bu həllərin əsas məqsədi banklar və fintex şirkətləri ilə rəqabət aparmaq deyil, onların fəaliyyətində qarşıya çıxan problemlərin həllinə kömək etmək və maliyyə bazarında innovasiyaların tətbiqini asanlaşdırmaqdır.

O qeyd edib ki, Azərbaycanda fintex sektorunun inkişafı üçün qanunvericilik, rəqəmsal transformasiya və texniki həllər istiqamətlərində tədbirlər davam etdirilir. Bu yanaşma bazarın institusional əsaslarının möhkəmləndirilməsinə və fintex şirkətlərinin yeni imkanlardan yararlanmasına şərait yaratmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti