Bakı. Trend:
Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim
qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə
təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir.
Bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında qeyd edilib.
Bildirilib ki, bununla belə, bəzi dairələr tərəfindən məsələnin
mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviyə
çəkilməsi və süni ictimai gərginlik predmetinə çevrilməsi
istiqamətində cəhdlər müşahidə olunur:
"Xüsusilə sosial media platformalarında koordinasiyalı şəkildə
həyata keçirilən fəaliyyət bu narahatlığı daha da artırır.
Ayrı-ayrı hesablar vasitəsilə eyni məzmunlu və ya oxşar xarakterli
paylaşımların, o cümlədən neqativ şərh və reaksiyaların kütləvi
şəkildə və qısa zaman intervallarında yayılması, insanları ictimai
qaydanı pozmağa təşviq edən çağırışların edilməsi diqqət çəkir.
Məhdud sayda eyniadlı hesabların çoxsaylı paylaşımlara ardıcıl
müdaxiləsi və fəaliyyətin konkret vaxt intervallarında
intensivləşməsi bu prosesin koordinasiyalı xarakter daşıdığına dair
ciddi əsaslar yaradır, trol hücumu və ölkə xaricindən vahid
mərkəzdən idarə olunan informasiya manipulyasiyasının aparıldığını
göstərir.
Bu kimi müdaxilələrin əsas məqsədi real ictimai rəyin təhrif
olunması, ayrı-ayrı hesabların süni aktivliyi hesabına kütləvi
narazılıq görüntüsünün yaradılması, diqqətin məsələnin
mahiyyətindən yayındırılması və mövzunun müəyyən siyasi məqsədlərin
alətinə çevrilməsidir".
"Azərbaycan Respublikası Media və Yayım Şurası vətəndaşları, media
subyektlərini və sosial media istifadəçilərini bu kimi hallara
qarşı diqqətli olmağa, şübhəli hesabların koordinasiyalı
fəaliyyətini nəzərə almağa, manipulyativ məzmunu yoxlamadan
yaymamağa və süni şəkildə yaradılan informasiya dalğalarının təsiri
altına düşməməyə çağırır", - deyə Media və Yayım Şurasının
açıqlamasında qeyd edilib.
