Çexiya Azərbaycanı regionda əsas tərəfdaş və biznes mərkəzlərindən biri kimi görür - Radek Şpicar (MÜSAHİBƏ)

İqtisadiyyat Müsahibə 12 Oktyabr 2026 11:00 (UTC +04:00)
Çexiya Azərbaycanı regionda əsas tərəfdaş və biznes mərkəzlərindən biri kimi görür - Radek Şpicar (MÜSAHİBƏ)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya Azərbaycanı regionda əsas tərəfdaşlarından biri hesab edir və ölkə ilə əməkdaşlığı genişləndirməklə yanaşı, Azərbaycanı regionun digər bazarlarına çıxış üçün mərkəz kimi istifadə etməkdə maraqlıdır.

Bunu Çexiyanın Sənaye və Nəqliyyat İttifaqının vitse-prezidenti Radek Şpicar bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Çexiya Biznes Forumu çərçivəsində Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin yüksək səviyyəsi və əməkdaşlığın intensivliyi uzun illərə, hətta Çexoslovakiya dövrünə gedib çıxan tarixi əlaqələrə əsaslanır. Bu əməkdaşlıq həm Azərbaycandan Çexiyaya ixrac olunan məhsullarda, həm də Çexiya ixracatçılarının Azərbaycan bazarında mövqelərini genişləndirmək istəyində özünü göstərir.

“Biz Azərbaycanı regionda əsas tərəfdaşımız kimi görürük. Məqsədimiz təkcə ikitərəfli əməkdaşlığı gücləndirmək deyil, həm də Azərbaycanı regionda daha geniş fəaliyyət göstərmək üçün mühüm mərkəz kimi nəzərdən keçirməkdir”, - deyə R.Şpicar bildirib.

O, Azərbaycanın iqtisadi inkişafını və iqtisadiyyatın strukturunun dəyişməsini yüksək qiymətləndirib. Qeyd edib ki, ölkənin neft hasilatına əsaslanan iqtisadiyyatdan daha yüksək əlavə dəyər yaradan sənaye və xidmət sahələrinə yönəlməsi Çexiya üçün əməkdaşlıq imkanları açır.

“Azərbaycan iqtisadiyyatının transformasiyası, daha yüksək texnologiyalı sənaye və xidmət sahələrinin inkişafı diqqətəlayiqdir. Çexiya bu prosesdə Azərbaycanın tərəfdaşı olmaq istəyir”, - deyə o vurğulayıb.

R.Şpicar qeyd edib ki, Çexiya Avropa İttifaqının ən çox sənayeləşmiş iqtisadiyyatlarından biridir və nəqliyyat sahəsində geniş təcrübəyə malikdir. Bu təcrübə metro qatarlarının, dəmir yolu nəqliyyat vasitələrinin, tramvayların və avtobusların istehsalını, eləcə də dəmir yollarının, hava limanlarının və aerodromların tikintisini əhatə edir.

Onun sözlərinə görə, Çexiya şirkətlərinin yanaşması yalnız məhsul ixracı ilə məhdudlaşmır. Onlar Azərbaycanda yerli tərəfdaşlarla birgə müəssisələr yaratmaq, biznesi birgə inkişaf etdirmək, yerli işçi qüvvəsini öyrətmək və uzunmüddətli əməkdaşlıq qurmaqda maraqlıdırlar.

“Çex şirkətləri üçün yalnız məhsul satmaq deyil, həm də yerli tərəfdaşlarla birgə işləmək, birgə müəssisələr yaratmaq, yerli kadrların hazırlanmasına töhfə vermək və uzunmüddətli dəstək göstərmək vacibdir. Biz keyfiyyətə, texniki xidmətə və əməkdaşlığın davamlılığına xüsusi önəm veririk”, - deyə vitse-prezident bildirib.

O, Orta Dəhlizin inkişafını da iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi dəyərləndirib. R.Şpicarın sözlərinə görə, bu layihə strateji əhəmiyyət daşıyır və Çexiya onun inkişafında iştirak etməklə Azərbaycanla tərəfdaşlığı genişləndirməkdə maraqlıdır.

Vitse-prezident əlavə edib ki, iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi üçün Bakı ilə Praqa arasında birbaşa aviareyslərin sayının artırılması da əhəmiyyətlidir. Onun fikrincə, nəqliyyat bağlantılarının gücləndirilməsi işgüzar əlaqələri asanlaşdıracaq və şirkətlər arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

R.Şpicar Azərbaycanın regionda biznes mərkəzi rolunu gücləndirməsi ilə yanaşı, Çexiyanın da Azərbaycan şirkətləri üçün Avropa İttifaqı bazarına çıxış və regionda fəaliyyətlərini genişləndirmək baxımından mərkəz rolunu oynaya biləcəyini qeyd edib.
"İki ölkənin sənaye potensialı və coğrafi mövqeyi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Əsas məqsəd bu imkanlardan istifadə edərək uzunmüddətli tərəfdaşlıq qurmaq və qarşılıqlı iqtisadi fayda təmin etməkdir", - deyə o qeyd edib.

R.Şpicar bildirib ki, Çexiya şirkətləri Avropa İttifaqı ilə yanaşı, ABŞ, Cənub-Şərqi Asiya, Latın Amerikası və Afrika bazarlarında da fəaliyyət göstərirlər. Onun sözlərinə görə, Çexiyanın sənaye ənənələri şirkətlərə müxtəlif bazarlarda rəqabət aparmaq və yüksək keyfiyyətli məhsul və xidmətlər təklif etmək imkanı verir.

“Şirkətlərimiz təkcə Avropa bazarında deyil, dünyanın ən tələbkar bazarlarında da rəqabət aparırlar. Onlar yüksək keyfiyyətli məhsullar təklif edir və beynəlxalq bazarlarda öz mövqelərini qoruyurlar”, - deyə o qeyd edib.

Vitse-prezidentin sözlərinə görə, Çexiya şirkətləri nəqliyyat vasitələri və müdafiə sənayesi məhsulları istehsal etməklə yanaşı, mürəkkəb coğrafi şəraitdə hava limanlarının tikintisi kimi layihələrdə də təcrübəyə malikdirlər. Çexiya, həmçinin təyyarələrin layihələndirilməsi və istehsalını tam dövr üzrə həyata keçirə bilən ölkələr sırasındadır.

O, Çexiya şirkətlərinin uğurunu məhsulların yüksək keyfiyyəti, qiymət və keyfiyyət arasındakı əlverişli nisbət, yerli tərəfdaşlarla əməkdaşlıq və satışdan sonrakı xidmətlərlə əlaqələndirib.

“Şirkətlərimizin uğurunun əsas səbəblərindən biri yüksək keyfiyyətli məhsulları rəqabətədavamlı qiymətlərlə təklif etmələridir. Bununla yanaşı, yerli tərəfdaşlarla əməkdaşlığa, birgə müəssisələrin yaradılmasına və yerli kadrların hazırlanmasına böyük əhəmiyyət veririk. Müştərilərə xidmət də bizim üçün prioritetdir”, - deyə R.Şpicar bildirib.

O əlavə edib ki, ağır maşınqayırma, nəqliyyat, informasiya texnologiyaları, avtomobil və kimya sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycan və Çexiya şirkətləri üçün yeni imkanlar yarada bilər.

R.Şpicar Azərbaycana biznes nümayəndə heyətinin tərkibində səfər etmək istəyən şirkətlərdən çoxsaylı müraciətlər daxil olduğunu da bildirib. Lakin hökumət təyyarəsində yerlərin məhdud olması səbəbindən bütün şirkətləri nümayəndə heyətinə daxil etmək mümkün olmayıb.

“Azərbaycana gəlmək və bu biznes nümayəndə heyətinə qoşulmaq istəyən şirkətlərdən çoxlu müraciətlər almışdıq. Təəssüf ki, hökumət təyyarəsində yerlərin sayı məhdud olduğundan bütün şirkətləri nümayəndə heyətinə daxil edə bilmədik”, - deyə o vurğulayıb.

Vitse-prezidentin fikrincə, biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi, birgə müəssisələrin yaradılması və uzunmüddətli tərəfdaşlıqların qurulması Azərbaycan ilə Çexiya arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti