Bakı. Trend:
2020–2026-cı illərdə Azərbaycanda İslam dininə dövlət qayğısının əsas istiqamətlərindən biri dini təhsilin inkişafı və beynəlxalq İslam həmrəyliyinin təşviqi olub.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, dini maarifləndirmə cəmiyyətin mənəvi dayanıqlığını gücləndirir, beynəlxalq əməkdaşlıq isə Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin dünyada tanıdılmasına imkan yaradır.
Deputat qeyd edib ki, dini sahədə savadlı və peşəkar kadrların hazırlanması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan İlahiyyat İnstitutunda bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsilin təşkili, təhsilin ödənişsiz olması və tələbələr üçün müxtəlif təqaüd proqramlarının yaradılması bu sahəyə ardıcıl dövlət diqqətinin göstəricisidir.
Hazırda institutda 318 tələbə və doktorant təhsil alır. İndiyədək 308 nəfər məzun olub. Bakı İlahiyyat Kollecinin yaradılması isə dini təhsilin orta ixtisas pilləsinin də inkişafına xidmət edir.
V.İskəndərovun fikrincə, dini maarifləndirmə yalnız təhsil müəssisələri ilə məhdudlaşmamalıdır. Bu baxımdan həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsi xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə layihə çərçivəsində 250 məscid kitabxana ilə təmin edilib. 2026-cı ildə daha 210 məscidin və 10 cəzaçəkmə müəssisəsindəki ibadət otaqlarının layihəyə daxil edilməsi planlaşdırılır.
Deputat vurğulayıb ki, bu cür təşəbbüslər dini biliklərin əlçatanlığını artırmaqla yanaşı, sağlam dini düşüncənin təşviqinə və radikal meyillərin qarşısının alınmasına da töhfə verir.
O bildirib ki, Azərbaycanın dini sahədə fəaliyyəti beynəlxalq əməkdaşlıq müstəvisində də ardıcıl xarakter daşıyır. COP29 çərçivəsində keçirilən Dini Liderlərin Qlobal Bakı Sammitində iqlim problemlərinin həllində dini liderlərin və icmaların məsuliyyəti müzakirə olunub. Rabatda təşkil edilən “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans isə qarşılıqlı hörmət və dinc birgəyaşayış prinsiplərinin təşviqinə xidmət edib.
Deputatın sözlərinə görə, 2026-cı il iyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə məsul dövlət qurumları rəhbərlərinin ilk görüşünün keçirilməsi regional əməkdaşlığın inkişafında yeni mərhələdir. Beş ölkənin iştirak etdiyi görüşdə dini təhsil, ortaq Türk-İslam irsi, radikalizm, ekstremizm, terrorizm və islamofobiyaya qarşı mübarizə sahələrində əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib.
“Azərbaycanın dini siyasəti yalnız ölkə daxilində dini dəyərlərin qorunmasına deyil, beynəlxalq dialoqun genişləndirilməsinə də yönəlib”, – deyə V.İskəndərov bildirib.
O əlavə edib ki, əsas məqsəd İslamın maarifçilik, sülh və qarşılıqlı hörmət prinsiplərini ön plana çıxarmaq, dini ayrı-seçkilik və radikalizmə qarşı birgə səyləri gücləndirməkdir. Deputatın fikrincə, bu yanaşma Azərbaycanın milli-mənəvi irsinə bağlılığını və beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti nümayiş etdirir.
