Bakı. Trend:
Solomon adalarında mühərriki sıradan çıxdığı üçün "MV Awka" gəmisində dənizdə köməksiz vəziyyətdə qalan 73 sərnişinin xilas edilməsi istiqamətində tədbirlər görülür. Onlara zəruri ləvazimatların çatdırılması üçün təyyarə və gəmilər səfərbər edilib.
Solomon Adaları Yayım Korporasiyasının (SIBC) yaydığı məlumata görə, gəmi cümə günü yerli vaxtla saat 07:00 radələrində Temotu əyalətindəki Anuta adasından Vanikoro adasına hərəkət edərkən qəza siqnalı göndərib. Bildirilir ki, 73 sərnişinin sayına ekipaj üzvləri daxil deyil.
"SIBC News"un məlumatına görə, güclü dalğalar və dənizdəki sərt hava şəraiti fonunda MV Awka gəmisi dənizdə nəzarətsiz şəkildə sürüklənir. Bu vəziyyət gəmidəki insanların şəraiti ilə bağlı narahatlıq yaradıb.
Temotu əyalətinin baş naziri Stenli Tehiahua bildirib ki, Fransa, Avstraliya və Yeni Zelandiya qəza siqnalını alıb və yardım göstərməyə hazır olduqlarını bildiriblər. Yardım çərçivəsində ərzaq, içməli su və tibbi ləvazimatların çatdırılması nəzərdə tutulur.
