Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni qaydalar noyabrın 1-dən tətbiq olunacaq

Dünya xəbərləri Xəbər 10 Oktyabr 2026 05:14 (UTC +04:00)
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni qaydalar noyabrın 1-dən tətbiq olunacaq

Bakı. Trend:

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsini tənzimləyən yeni məhdudiyyətlər noyabrın 1-dən qüvvəyə minəcək.

Müvafiq normativ akt Türkiyə Prezident Administrasiyasının Kibertəhlükəsizlik İdarəsi tərəfindən hazırlanıb və oktyabrın 10-da hökumətin rəsmi “Resmi Gazete” nəşrində dərc edilib.

Sənədə əsasən, yeni qaydalar bu il noyabrın 1-dən tətbiq ediləcək. Tələblərə görə, sosial şəbəkə platformaları 15 yaşına çatmamış şəxslərə xidmət göstərə bilməyəcək. 15–18 yaş arası istifadəçilər üçün isə gücləndirilmiş təhlükəsizlik və məxfilik tədbirlərini əhatə edən xüsusi rejim yaradılmalıdır. Mövcud və aktiv hesablarda istifadəçilərin yaşının təsdiqlənməsi prosesi 2027-ci il martın 31-dək başa çatdırılmalıdır.

İstifadəçilərin yaşı dövlət elektron xidmətləri sistemi “e-Devlet” vasitəsilə xüsusi identifikator əsasında yoxlanılacaq. 15–18 yaş arası yeniyetmələrin hesabları ilkin olaraq qapalı rejimdə olacaq. Həmin istifadəçilərə canlı yayımlardan, fərdiləşdirilmiş reklamlardan və müəyyən məzmun tövsiyəsi mexanizmlərindən istifadə etməyə icazə verilməyəcək.

Yeni qaydalara əsasən, sosial şəbəkələr topladıqları məlumatlar əsasında yetkinlik yaşına çatmayan şəxslərə digər istifadəçilərin hesablarını tövsiyə edə bilməyəcək. Eyni zamanda, yeniyetmələrin profillərinin başqa istifadəçilərə tövsiyə olunması da qadağan ediləcək.

Bununla yanaşı, azyaşlıların şəxsi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər də sərtləşdirilir. Sosial şəbəkələrə uşaqların hesablarını telefon kitabçaları, əlaqə siyahıları, elektron poçt ünvanları kitabçaları, eləcə də digər tətbiq və platformalardakı dostluq və izləmə siyahıları ilə sinxronlaşdırmaq qadağan olunacaq. Həmin mənbələrə daxil olmaq və əldə edilən məlumatları emal etmək də mümkün olmayacaq.

Normativ akt sosial şəbəkə platformalarının valideynlər və qəyyumlar üçün xüsusi nəzarət vasitələri hazırlamasını və istifadəyə verməsini də nəzərdə tutur. Bu alətlər vasitəsilə uşaqların hesablarını və onların parametrlərini, platformada keçirdikləri vaxtı, geolokasiya məlumatlarını, ödənişli əməliyyatları və digər funksiyaları idarə etmək mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti